Kuşinq xorası
Stress xoralarının bir növü
Təsvir
Kuşinq xorası mədədə və ya onikibarmaq bağırsaqda, nadir hallarda qida borusunda yaranan stress xorasıdır və onun əsas etioloji faktoru artmış kəllədaxili təzyiqdir. Kəllədaxili təzyiqin artması çox vaxt kəllədaxili neoplaziyalar, kəllə-beyin travması və ya əvvəlki neyrocərrahi müdaxilələr nəticəsində meydana gəlir.
Xüsusiyyətlər
Kuşing xoraları adətən tək, dərin olur və çox zaman təkrarlayan qastrointestinal qanaxmalarla, daha az hallarda isə perforasiyalarla ağırlaşır.
Subaraxnoidal qanaxması olan xəstədə görünən damar ilə müşayiət olunan perforasiya olmuş Kuşinq xorası.
Tarix
1841-ci ildə Karl Rokitanski stress xorasının neyrogen əsasını irəli sürmüş, 1932-ci ildə isə Harvey Kuşing (Harvey Cushing) kəllədaxili təzyiqin artması nəticəsində yaranan peptik xora təsvir etmiş və bunu yüksək mədə turşusu sekresiyasına səbəb olan vaqal hiperaktivliklə izah etmişdir.
Mexanizm
Ağır travmatik beyin zədəsi zamanı 50% hallarda hipopituarizm inkişaf edir. Bu isə normal inhibəedici mexanizmlərin pozulmasına, vaqal sistemin intensiv və xroniki stimulyasiyasına səbəb olur. Bu da mədə selikli qişasının işemiyasına, mədə turşusunun hipersekresiyasına və qastrik mukoza balansının (turşu-qələvi və immun hüceyrə–bakteriya tarazlığının) pozulmasına səbəb olur.
Yeni tədqiqatlar göstərir ki, azan sinir təsirindən başqa beyin zədəsi zamanı bağırsaq mikrobiomunda genişmiqyaslı dəyişikliklər və mədə bağırsaq traktında iltihabi sitokinlərin sistemli şəkildə artması baş verir. Bu nəzəriyyə kəskin işemik insultdan sonra yaranan xoraları daha düzgün təsvir edir. Çünki insultların yalnız az bir hissəsi vaqal tonusun artması ilə müşayiət olunur.
Müalicə
Kuşinq xorasının müalicəsini əsas səbəbin aradan qaldırılması, proton pompası inhibitorları (PPİ-lər) kimi turşuəleyhinə dərmanların istifadəsi və qanaxma hallarında endoskopik müdaxilələrin və ya cərrahi əməliyyatların icrası təşkil edir.
Proqnoz
Kuşinq xorası qarşısı alına bilən bir vəziyyət olmasına baxmayaraq, qanaxma riskinə görə xəstələrdə hələ də mühüm morbidlik səbəblərindən biri olaraq qalır.
Endoskopik görüntülər: (A) diffuz qastriti göstərən mədə fundusu və (B) hemorragik xoranı göstərən onikibarmaq bağırsağın bulbusu.
- Kumaria A., Kirkman M.A., Scott R.A., Dow G.R., Leggate A.J., Macarthur D.C., Ingale H.A., Smith S.J., Basu S. A reappraisal of the pathophysiology of Cushing ulcer: A narrative review. Journal of Neurosurgical Anesthesiology. 2024;36(3):211–217. https://pubmed.ncbi.nlm.nih.gov/37188653/
- Biteghe-bi-Nzeng A., Wang Y.J. Cushing's ulcer in traumatic brain injury. https://www.sciencedirect.com/science/article/pii/S1008127508600243
- Mordvin P.A., Kozlov M.Yu., Sokolov Yu.Yu., Kurkin A.P., Tenovskaya N.V., Marenich N.S., Pursanov M.G., Kopylov I.V., Konovalova A.M., Evstaf’eva I.I. Treatment of a Cushing’s ulcer in a 7-y.o. child after a tumor (medulloblastoma) removal in ventricle IV. Russian Journal of Pediatric Surgery. 2024;28(1):82–89. https://journal.hep.com.cn/1560-9510/EN/10.17816/ps672
- Sivakumar W., Spader H.S., Scaife E., Bollo R.J. A case of Cushing ulcer in an 8-month-old patient with medulloblastoma. Translational Pediatrics. 2016;5(2):85–89. https://pubmed.ncbi.nlm.nih.gov/27186526/
3 baxış, 1 bəyənmə 17-11-2025