Subaraxnoid qanama
Beyini əhatə edən üç qoruyucu qişadan biri olan araxnoid qişanın altındakı subaraxnoid boşluğa qan sızması
Ümumi Məlumat
Subaraxnoid qanama (SAQ) beyini əhatə edən üç meningeal qişa arasında yerləşən subaraxnoid boşluğa qan sızmasıdır. Bu qanama beyin üzərindəki təzyiqi artırır və ciddi nevroloji problemlərə və hətta ölümə səbəb ola bilər. SAQ təcili tibbi müdaxilə tələb edir.
Etimologiya
"Subaraxnoid" latın və yunan mənşəli sözlərdən ibarətdir:
- Sub- latınca "altında" deməkdir.
- "Araxnoid" (yunanca "ἀράχνη" – "hörümçək") – membranlardan biri olan və görünüşü hörümçək torunu xatırladan araxnoid qişanın adı.
Başqa dillərdə: Haemorrhagia subarachnoidea (L), Subarachnoid hemorrhage (EN), Subaraknoid kanama (TT), Субарахноидальное кровоизлияние (RU), Subarachnoidalblutung (DE)
Etiologiya və Patogenez
SAQ etiologiyasında aşağıdakı patologiyalar rol oynaya bilər:
1. Travma: SAQ-ın yayılmış səbəbi.
2. “Spontan SAQ”
- Yırtılmış kəllədaxili anevrizmalar: spontan SAQ-ların 75-80%-i təşkil edir
- Serebral arteriovenoz malformasiya (AVM): 4-5% halda. AVM-lar SAQ-dan daha çox intraserebral qanama və intraventrikular qanamaya səbəb olur
- Mərkəzi sinir sistemini əhatə edən müəyyən vaskulitlər
- Şiş səbəbilə - nadir hallarda (bir neçə case report var)
- Beyin arteriyasının disseksiyası (travmatik də ola bilər)
- Kiçik səthi arteriyanın yırtılması
- İnfundibulumun yırtılması
- Laxtalanma ilə əlaqəli problemlər
- Dural sinus trombozu
- Onurğa AVM: adətən boyun və ya yuxarı torakal
- Kortikal subaraxnoid qanaxma
- Pretrunkal qeyri-anevrizmal SAQ (perimezensefalik qanaxma)
- Bəzi dərman və narkotiklərin qəbulunda - nadir hallarda; məsələn, kokain
- Oraq hüceyrəli anemiya
- Hipofiz apopleksiyası
- İdiopatik. 14-22%-də heç bir səbəb müəyyən edilə bilmir.
Əlamətlər
Subaraxnoid qanamanın əsas əlamətləri aşağıdakılardır:
- Ani və şiddətli baş ağrısı ("təcrübə edilən ən şiddətli baş ağrıları" kimi təsvir edilir).
- Boyun sərtliyi (Kernig və Brudzinski simptomları)
- Bulantı və qusma
- Huşun itirilməsi və ya qarışıqlıq (konfuziya)
- Görmə problemləri
- İşığa qarşı həssaslıq (fotofobiya)
- Tutmalar (epileptik qıcolmalar)
- Şüur səviyyəsində dəyişikliklər
Anevrizmatik SAQ üçün risk faktorları
1. Həyat tərzi
- Hipertoniya
- Siqaret
- Alkoholdan sui-istifadə
- Kokain, amfetamin kimi simpatomimetik dərmanlar
- Məşq/idman: ağırlıq məşqləri, xüsusilə valsalva manevri ilə yerinə yetirildikdə, mövcud anevrizmadan aşağı qanaxma riskini daşıyır.
2. Cins və irq
- Bəzi tədqiqatlarda Şimali Avropa mənşəli əhalidə SAQ-ın daha tez-tez rastlandığı qeyd olunur.
3. Beyin anevrizmasının olması
- Daha əvvəl yırtılmış anevrizma tarixi.
- Qanamamış anevrizmanın varlığı (xüsusilə simptomatik, daha böyük ölçüdə və posterior qan dövranında yerləşən).
- Morfologiya faktoru: darboğaz şəkil və anevrizma ölçüsünün ana damara nisbətinin artması yırtılma riskini artırır.
4. Ailədə anevrizma tarixi (ən azı 1 birinci dərəcəli ailə üzvü və xüsusilə ≥ 2 təsirlənərsə)
5. Genetik sindromlar
- Autosomal dominant polikistik böyrək xəstəliyi
- IV tip Ehlers-Danlos sindromu
6. Hamiləlik: mübahisəlidir. Bəzi tədqiqatlarda riskin artmasına işarə edən sübutlar var, digərlərində isə əksinə.
Diaqnoz
Subaraxnoid qanamanın diaqnozu aşağıdakı üsullarla qoyulur:
- Kompyuter tomoqrafiyası (KT). Daha tez əldə edilir və subaraxnoidal qanamanın nə dərəcədə yayğın olduğunu göstərir.
- Lümbal punksiya. Bəzi hallarda KT-də qanaxma görülməyəndə, lakin klinik şübhə olanda beyin və onurğa beyni mayesində qan izlərini axtarmaq üçün istifadə olunur.
- Angioqrafiya. Beyin damarlarının görüntüsünü təmin edərək qanaxmanın mənbəyini müəyyən edir. İki cür olur: qeyri-invaziv KT-angiografiya və invaziv DSA (digital subtraction angiography - rəqəmsal çıxarma angioqrafiyası).
Müalicə
Subaraxnoid qanamanın müalicəsi vəziyyətin ciddiliyindən və səbəbindən asılıdır.
Qanaxmaya səbəb anevrizma yırtılması olanda:
- Cərrahi müdaxilə. Anevrizmanın boynu klip ilə kliplənir.
- Endovaskular embolizasiya. Anevrizmanın qan axınının qarşısını almaq və anevrizmanın içərisini “coil” ilə doldurmaq üçün.
- Dərman müalicəsi:
- Antihipertenziv dərmanlar: qan təzyiqini idarə etmək üçün.
- Antikonvulsantlar: qıcolmaların qarşısını almaq üçün.
- Analgetiklər: ağrıları azaltmaq üçün.
- Reabilitasiya. Xəstələrin funksional qabiliyyətlərini bərpa etmək üçün.
Səbəbi anevrizma olmayan (non-anevrizmatik) subaraxnoidal qanamalar:
Adətən, konservativ olaraq izlənilir. Subaraxnoid qanama ikincili yaranan ağırlaşmalarda (hidrosefaliya, qıcolma və s.) müdaxilə edilir.
Travmatik SAQ
Travmanın şiddəti və yanaşı gedən patologiya (subdural, epidural, intraserebral qanama və s.) varlığına görə xəstədən xəstəyə müalicə taktikası dəyişir.
Subaraxnoid qanama ciddi və həyat üçün təhlükə yaradan bir vəziyyətdir və erkən diaqnoz və təcili müalicə həyati əhəmiyyət daşıyır.
- Mark S. Greenberg. Epidural hematoma. Part XVII. Subarachnoid Hemorrhage and Aneurysms. Etiologies of SAH. Handbook of Neurosurgery. 10th edition. Səhifə 1417
- Eden SV, Meurer WJ, Sánchez BN, Lisabeth LD, Smith MA, Brown DL, Morgenstern LB. Gender and ethnic differences in subarachnoid hemorrhage. Neurology. 2008 Sep 2;71(10):731-5. doi: 10.1212/01.wnl.0000319690.82357.44. Epub 2008 Jun 11. PMID: 18550859; PMCID: PMC2557022.
8 baxış, 1 bəyənmə 23-06-2024