Fassiit

Fassiyanın iltihabı


Tərif
Fasiit - fassiyanın, yəni əzələləri, sümükləri və daxili orqanları əhatə edən birləşdirici toxumanın iltihabıdır. Fassiit əslində müxtəlif patologiyaları ehtiva edir.  

Etimologiya
"Fascia" latın dilində "zolaq" və ya "bant" mənasını verir, "-it" sonluğu isə "iltihab" bildirir. 
Başqa dillərdə: fasciitis (EN), fasiit (TT), фасциит (RU), die Fasziitis (DE)

Təsnifat
Fassiitlər etiologiyasına (infeksion, autoimmun, medikamentoz, travmatik) və lokalizasiyasına görə təsnifatlaşdırılır. Bəzi xüsusi fassiit növləri aşağıda qeyd olunub:
  • İnfeksion Fasiitlər. Bakteriya, göbələk və ya digər mikrobların törətdiyi infeksiyalar nəticəsində inkişaf edir. 
    • Nekrozlaşdıran fassiit. Sürətlə yayılan yumşaq toxuma infeksiyasıdır. Təcili cərrahi müdaxilə və geniş spektrli antibiotik müalicəsi tələb edir.
    • Göbələk mənşəli fassiit. Nadir rast gəlinir, əsasən Mucor və ya Aspergillus göbələkləri səbəb olur. Adətən immun çatışmazlığı olan xəstələrdə müşahidə edilir. 
  • Plantar fassiit. Plantar fasiyanın (topuqdan barmaqlara qədər uzanan bağ toxuması) iltihabı nəticəsində yaranan bir xəstəlikdir. Əsasən topuqda ağrı ilə özünü göstərir və uzunmüddətli ayaqüstü dayanma, artıq çəki və ya həddindən artıq fiziki fəaliyyətlə əlaqələndirilir.
  • Paraneoplastik fassiit. Paraneoplastik sindromun bir hissəsi kimi ortaya çıxır və bədxassəli şişin (məsələn, yumurtalıq xərçəngi, ağciyər xərçəngi və ya hematoloji xərçənglər) fassiyaya qarşı immun reaksiyası nəticəsində inkişaf edir. 
  • Palmar fassiit (Dupuytren kontrakturası). Ovuc içi fassiyanın qalınlaşması və qısalması ilə xarakterizə olunan xroniki və irəliləyən bir vəziyyətdir. Bu proses nəticəsində fasiya sərtləşir və kiçilir, nəticədə barmaqlarda (əsasən, adsız və çeçələ barmaq) bükülmə kontrakturası yaranır. Müalicəsi əsasən cərrahidir. 
  • Sistemik iltihab və ya birləşdirici toxuma xəstəlikləri ilə əlaqəli fasiitlər. Bir çox halda növbəti xəstəliklər də ərsəyə gəlir:
    • Sklerodermiya 
    • Polymyalgia rheumatica
    • Dermatomiozit 
  • Eozinofil fassiit (Şulman sindromu) - nadir rast gəlinən bir autoimmun xəstəlikdir, əsasən əzələ və fassiyanın iltihabı ilə özünü göstərir. Bu sindrom ümumiyyətlə periferik eozinofiliya ilə birlikdə müşahidə edilir. Şulman sindromu adətən əzələ zəifliyi, dərinin qalınlaşması və ağrı ilə xarakterizə olunur. Müalicə adətən kortikosteroidlər və immunosupressiv dərmanlarla həyata keçirilir.
  • Travma mənşəli fasiitlər. Fiziki zədə, təkrarlanan gərginlik və ya mexaniki qıcıq nəticəsində yaranan fasiitlər. 
  • Kompartment sindromu. Fassiyanın daxilindəki əzələ bölmələrində şişkinlik səbəbindən təzyiqin artması nəticəsində yaranan təcili patologiyadır. Qanama, yanıq və intensiv fiziki fəaliyyət nəticəsində yarana bilər.
  • İşemik fassiit (atipik dekubital fibroplaziya). Fassiyanın qan təchizatının pozulması nəticəsində yaranır və çox vaxt yataq yaralarında inkişaf edir. 
  • Nodular fassiit. Xoşxassəli şiş kimi təsnif olunur.
  • Medikamentoz fassiit. Xinolon antibiotikləri və ya statinlər kimi dərmanların qəbulu fassiyada iltihaba səbəb ola bilər.
  • İdiopatik Fassiitlər. Bunlar, səbəbi tapılmayan, adətən istisna diaqnozu ilə müəyyən edilən fasiitlərdir.
Diaqnostika
Klinik şübhə olduqda əlavə olaraq növbəti üsullardan istifadə oluna bilər:
  • Görüntüləmə: MRT, USM və ya KT. Fassiya ətrafının qalınlaşması və maye yığılması fassiitə işarədir.
  • Biopsiya: invaziv olaraq histoloji müayinə üçün toxuma nümunəsi götürülür.
  • Qan Analizi: EÇS, CRZ, leykosit və xüsusilə eozinofil sayı və digər parametrlərin müayinəsi diaqnoz üçün faydalıdır.
Müalicə
Fassiitin müalicəsi onun səbəbindən asılıdır. Bir çox halda QSİƏD və kortikosteroidlər istifadə olunur.


6 baxış, 1 bəyənmə 18-01-2025

Dr. med. Toğrul Məmmədli

Plastik cərrahiyyə
Həkim-mütəxəssis

312 baxış, 10 bəyənmə
Qoşulma tarixi: 12-06-2024

000

St. Josefs-Krankenhaus Hagen

Dr. med. Toğrul Məmmədli