Eninəzolaqlı əzələ

İxtiyari hərəkətləri təmin edən əzələ növü

Tərif
Eninəzolaqlı əzələlər (skelet əzələləri) insan orqanizmində ixtiyari hərəkətlərin əsasını təşkil edən mühüm toxuma qrupudur. Onlar yalnız motor funksiyalar üçün deyil, həm də postural stabillik, termogenez və maddələr mübadiləsində iştirak edir. Mikroskopik quruluşları ilə ürək və saya 
əzələsindən fərqlənən bu əzələlər fizioloji cəhətdən yüksək ixtisaslaşmışdır. 


Histologiya
Eninəzolaqlı əzələ toxuması uzun, silindrik, çoxnüvəli hüceyrələrdən (əzələ liflərindən) ibarətdir. Nüvələr sarkolemma altında, periferik yerləşmiş olur ki, bu xüsusiyyət digər əzələ növlərindən fərqləndirici əlamətdir.

Əzələ lifləri endomizium adlanan nazik bir birləşdirici toxuma təbəqəsi ilə örtülür. Bir neçə lif birləşərək fasciculus əmələ gətirir, bu dəstələr perimizium ilə əhatələnir. Bütün əzələ isə epimizium ilə örtülür.

Əzələ lifinin daxilində miofibrillər yerləşir; bunlar öz növbəsində sarkomerlərdən ibarətdir – sarkomer Z xəttindən Z xəttinədək olan sahədir və əzələnin yığılma vahididir.
Sarkomerin əsas komponentləri:

  • Aktin (nazik filament) — Z xəttinə bağlıdır
  • Miozin (qalın filament) — M xəttinə bağlıdır
  • I zolağı – yalnız aktin filamentləri
  • A zolağı – həm aktin, həm miozin
  • H zonası – yalnız miozin
  • M xəttimiozin filamentlərini birləşdirir

Bu strukturun zolaqlı görünüşü optik mikroskopda aydın seçilir və ona “eninəzolaqlı” adı da buna görə verilmişdir.

Yığılma mexanizmi və enerji təminatı
Eninə zolaqlı əzələlərin yığılması “hər şey ya heç nə” prinsipi ilə işləyən motor vahidlər vasitəsilə həyata keçir. Hər hərəki neyron bir neçə əzələ lifini innervasiya edir və bu kompleksə motor vahidi deyilir.

Əzələ yığılması mərhələləri:

  1. Sinaptik ötürülmə: Hərəki neyronun akson terminalında asetilxolin (ACh) sinaptik boşluğa ifraz olunur və əzələ hüceyrəsindəki nikotinik xolinoreseptorlara(N-xolinoreseptorlar) bağlanır.
  2. Depolarizasiya: ACh reseptorlarının aktivləşməsi Na⁺ hüceyrədaxilinə keçməsi ilə nəticələnir və hərəkət potensialı əmələ gəlir.
  3. Kalsiumun sərbəst buraxılması: T-borucuq sistemi (transvers borular) vasitəsilə impuls sarkoplazmatik retikuluma yayılır və Ca²⁺ ionları sərbəst qalır (DHPR-reseptorların və RYR-2 reseptorların mexanik bağlantısı - Ca²⁺: 10-6 mol/l).
  4. Sürüşmə filament mexanizmi: Ca²⁺ aktin filamentinə bağlı troponin C-yə bağlanır → tropomiozin aktin üzərindən yerini dəyişir → miozin başlığı aktinə bağlanaraq “güc zərbəsi” (power stroke) verir → sarkomer qısalır.
  5. İstirahət: Ca²⁺ yenidən sarkoplazmatik retikuluma geri sorulur (10-8 mol/l) və əzələ boşalır.

Əzələ funksiyası üçün ATF vacibdir. ATF aşağıdakı proseslərə sərf olunur:

  • Miozin başlığının ayrılması
  • Sarkomerin yenidən yığılması
  • Ca²⁺-un retikuluma daşınması (SERCA nasosu)

Əlavə enerji mənbələri:

  • Kreatin fosfat sistemi (tez enerji təminatı üçün)
  • Anaerob qlikoliz (qısa müddətli intensiv yüklənmədə)
  • Aerob oksidləşmə (davamlı fəaliyyət üçün)

Kliniki və Patoloji Aspektlər

1. Miastenia gravis

Autoimmun xəstəlik olub N-xolinoreseptorlara qarşı anticisimlər yaranır. Kliniki olaraq əzələ zəifliyi və tez yorulma ilə təzahür edir. Diaqnoz üçün elektromioqrafiya(EMQ), anticisimlərə seroloji testlər və edrofonium testi istifadə olunur.

2. Rabdomioliz

Eninəzolaqlı əzələ hüceyrələrinin parçalanması ilə xarakterizə olunur. Plazmaya mioqlobin, kalium, kreatin kinaza daxil olur. Klinik əlamətlər: əzələ ağrısı, zəiflik, tünd rəngli sidik. Ən ciddi fəsad: kəskin böyrək çatışmazlığı.

3. Əzələ distrofiyaları

Ən çox yayılan forması Duchenne (Düşen) distrofiyasıdır. Distrofin zülalının genetik çatışmazlığı nəticəsində əzələ hüceyrələrinin membran sabitliyi pozulur. Simptomlar uşaq yaşlarından başlayır, proqressiv əzələ zəifliyi ilə gedir.

  1. Junqueira LC, Carneiro J. Basic Histology: Text & Atlas. McGraw-Hill Education; 2021.
  2. Hall JE. Guyton and Hall Textbook of Medical Physiology. Elsevier; 2020.
  3. Sadler TW. Langman's Medical Embryology. Wolters Kluwer; 2021.
  4. Robbins SL, Kumar V. Robbins and Cotran Pathologic Basis of Disease. Elsevier; 2020.
  5. Kandel ER, Schwartz JH et al. Principles of Neural Science. McGraw-Hill; 2013.

3 baxış, 0 bəyənmə 27-03-2025

Dr. Hüseyn Kamalzadə

5-ci kurs
Tələbə

131 baxış, 7 bəyənmə
Qoşulma tarixi: 16-06-2024

Uniklinikum Erlangen/Klinikum Fürth

Dr. Hüseyn Kamalzadə