Dəm qazı zəhərlənməsi

Karbon monoksidin nəfəs yolu ilə bədənə daxil olması nəticəsində yaranan patoloji proses

Tərif

Dəm qazı və ya karbon monoksid zəhərlənməsi, CO qazının inhalyasiya yolu ilə orqanizmə daxil olması nəticəsində yaranan zəhərlənmədir. Dəm qazı zəhərlənməsi tüstü və qaz zəhərlənmələri arasında ən çox rast gəlinənlərdən biridir və qısa müddət ərzində ölümə gətirib çıxara bilər.


Epidemiologiya

Azərbaycanda 2024-cü il ərzində dəm qazı hadisələrinin sayı 424 olub. Bu zaman xəsarət alaraq zəhərlənmiş insan sayı 483 nəfər, ölənlərin sayı isə 44 nəfər təşkil edib. Hadisələr qış aylarına daha çox təsadüf edir. Ötən 10 il ərzində azalma müşahidə edilir.


Etiologiya

Karbon monoksid və ya dəm qazı — rəngsiz, iyi və dadı olmayan qazdır və natamam yanma prosesi zamanı əmələ gəlir. Belə zəhərlənmələrin əsas səbəbləri:

  • Ev yanğınları
  • Defektli sobalar və baca sistemləri
  • Qapalı məkanlarda davam edən yanma və ya közərmə
  • Qəlyan çəkmə, xüsusən qapalı məkanda
  • Avtomobil və ya digər mühərriklərin bağlı qarajda işlədilməsi 


Natamam yanma şəraitində CO2 əvəzinə CO yaranmasının sxematik izahı. C=karbon atomu, O=oksigen atomu  



Patofiziologiya

CO oksigendən təxminən 200‑300 dəfə daha yüksək affinitetlə hemoqlobinə bağlanır. Bu bağlanma nəticəsində karboksihemoqlobin (COHb) yaranır və oksigenin daşınması əhəmiyyətli dərəcədə pozulur. CO həmçinin mitoxondrial tənəffüs zəncirini bloklayaraq hüceyrə metabolizmini pozur. Reaktiv oksigen növləri əmələ gəlir ki, bunlar miokard və sinir toxuması kimi oksigenə yüksək dərəcədə həssaslığı olan toxumalarda sürətlə apoptoz və nekroza səbəb olur. Karbon monoksidin hemoqlobinə yüksək affiniteti səbəbindən tənəffüs havasında kritik qaz konsentrasiyaları çox aşağıdır:

  • Cəmi 0,0035 % (35 ppm) konsentrasiyasında 6–8 saat ərzində ilkin klinik simptomlar yarana bilər.
  • 0,08 % (800 ppm) konsentrasiyada 2 saat ərzində huşun itirilməsi,
  • 1,28 % (12 800 ppm) konsentrasiyada isə bir neçə dəqiqə ərzində ölüm baş verir.

Klinika
Gedişinə görə dəm qazı zəhərlənməsinin aşağıdakı formaları fərqləndirilir:
  • Kəskin karbon monoksid zəhərlənməsi
  • Xroniki karbon monoksid zəhərlənməsi
Kəskin karbon monoksid zəhərlənməsi
Yüngül karbon monoksid zəhərlənməsinin tipik əlamətləri bunlardır:
  • Baş ağrısı
  • Dispnoe
  • Letargiya
  • Görmə pozğunluğu
  • Ürəkbulanma
  • Kardial pozğunluqlar
  • Nevroloji və ya psixiatrik simptomlar: yaddaş və davranış dəyişiklikləri, qıcolmalar 
Tənəffüs Cheyne–Stokes tipli ola bilər. Karbon monoksid həmçinin qoruyucu reflekslərin itirilməsinə və huşun itməsinə səbəb olur.
Ağır zəhərlənmələr bir neçə dəqiqə ərzində asfiksiya nəticəsində ölümlə nəticələnə bilər.
Tam klinik mənzərədə dəri çəhrayıdan albalı-qırmızıya qədər rəng ala bilər. Bu vəziyyət sianozu maskalaya bilər

Xroniki karbon monoksid zəhərlənməsi
Uzunmüddətli zəhərlənmə halında aşağıdakı fəsadlar mümkündür:
  • Zəiflik və iş qabiliyyətinin azalması
  • Bəzi hallarda ikincili Parkinson sindromu
  • Periferik neyropatiya
  • Eşitmə zəifləməsi
  • Tarazlıq pozğunluqları
  • Demensiya
  • Psixozlar
Sonradan yaranan bu fəsadlar üçün risk aşağıdakı hallarda artır:
  • 35 yaşdan yuxarı şəxslərdə
  • 24 saatdan çox davam edən məruzqalma
  • Asidoz
  • Huşun itməsi

Diaqnostika
Kliniki olaraq diaqnoz tapılma şəraiti, klinik görünüş (dərinin rəngi) və simptomatika əsasında qoyulur.

Adi pulsoksimetrlə ölçülən oksigen saturasiyası adətən səhv olaraq normal göstərilir. Bunun səbəbi karboksihemoqlobin və oksihemoqlobinin oxşar absorbsiya spektrlərinə malik olmasıdır. Prinsip etibarilə karboksihemoqlobin səkkiz dalğalı oksimetrlə (CO-oksimetr) aşkar edilə bilər. Lakin bu tip cihazlar hazırda çox məhdud şəkildə mövcuddur və ölçmə dəqiqliyi yetərli deyil. Bundan əlavə, nəfəs verilən havada CO-nun analiz edilməsi yolu ilə COHb səviyyəsini dolayı yolla təyin etmək mümkündür.

Laborator diaqnostikada karbon monoksid qan qazları analizi (QQA) zamanı karboksihemoqlobinin təyini ilə aşkar edilir. Bu məqsədlə standart QQA monovettləri və ya kapilyarları istifadə olunur. QQA aparıldıqda çox vaxt metabolik asidoz (laktat asidozu) müəyyən edilir. Ölçülmüş karboksihemoqlobin səviyyəsi ilə klinik simptomların ağırlığı arasında əlaqə dəyişkəndir və ədəbiyyatda müxtəlif cür qiymətləndirilir.

Müalicə
  • İlkin tədbir dərhal 100% oksigenlə normobar oksigenoterapiya olmalıdır.
  • Ağır zəhərlənmələrdə pasientin təkcə təmiz havaya çıxarılması kifayət etmir, çünki karbon monoksidin eliminasiyanın yarımparçalanma müddəti təxminən 6 saat, saf oksigen altında isə 1–2 saat təşkil edir.
  • Hiperbarik oksigenoterapiya (HBO) karbon monoksidin eliminasiyasını bir neçə dəqiqəyə qədər azalda bilər. Bundan əlavə, HBO hemoqlobindən asılı olmayan toxuma oksigenləşməsini təmin edir və mərkəzi sinir sistemində neyrofil mənşəli iltihabı dayandırdığı güman edilir. Adətən ilk 48 saat ərzində 3 bar təzyiqdə 90 dəqiqəlik 3 seansdan ibarət müalicə sxemi tətbiq olunur. Şikayətlər davam edərsə, 2,4 bar təzyiqdə gündəlik seanslarla simptomlar aradan qalxana qədər müalicə davam etdirilir. Tədqiqat nəticələrinin qeyri-vahid olması səbəbindən HBO-nun rutin müalicə kimi tətbiqi mübahisəlidir, lakin xüsusilə simptomatik intoksikasiyalarda və hamilələrdə istifadə olunur. İlkin olaraq simptomsuz olan xəstələrdə 24 saatdan sonra HBO başlanmamalıdır.
  • Bundan əlavə, karbogen (tərkibində 5% karbon dioksid və 95% oksigen olan qaz qarışığı) hiperventilyasiyanı stimullaşdırmaq məqsədilə istifadə oluna bilər.
  • Zəhərlənmə fonunda yaranan laktat asidozu bikarbonatla korreksiya edilə bilər.
Karbon monoksid zəhərlənməsi olan xəstə aşkar edildikdə tibbi personalın öz təhlükəsizliyi mütləq nəzərə alınmalıdır. Təmiz hava axını mütləq təmin edilməlidir ki, yardım göstərən şəxslərin zəhərlənməsinin qarşısı alınsın.

  1. https://teleqraf.az/news/toplum/461096.html
  2. Kaiser G, Schaper A: Akute Kohlenmonoxidvergiftung. Notfall + Rettungsmedizin 2012; 15: 429–35
  3. ↑ Lai CY1, Chou MC, Lin CL, Kao CH: Increased risk of Parkinson disease in patients with carbon monoxide intoxication: a population-based cohort study Medicine (Baltimore). 2015 May;94(19):e869
  4. ↑ Schwarz J, Storch A et al.: Parkinson-Syndrome: Grundlagen, Diagnostik und Therapie. 1. Auflage 2007. Kohlhammer Verlag
  5. ↑ 4,0 4,1 Eichhorn, Thudium, Jüttner, Diagnostik und Therapie der Kohlenmonoxidvergiftung. Deutsches Ärzteblatt, 2018.
  6. ↑ Hampson NB: Symptoms of carbon monoxide poisoning do not correlate with the initial carboxyhemoglobin level. Undersea Hyperb Med. 2012 Mar-Apr;39(2):657-65.
  7. ↑ Hullin T, Aboab J: Correlation between clinical severity and different non-invasive measurements of carbon monoxide concentration: A population study. 2017 Mar 28. [1]
  8. ↑ Lederer C, Genzwürker H. Kohlenmonoxid-Intoxikation – aktuelle Leitlinienempfehlungen. NOTARZT 2023. DOI: 10.1055/a-2018-6618

7 baxış, 0 bəyənmə 05-01-2026

Dr. med. Toğrul Məmmədli

Plastik cərrahiyyə
Həkim-mütəxəssis

458 baxış, 13 bəyənmə
Qoşulma tarixi: 12-06-2024

000

St. Josefs-Krankenhaus Hagen

Dr. med. Toğrul Məmmədli