Karpal tunel sindromu

Orta sinirin bilək səviyyəsində sıxılması nəticəsində yaranan patologiya

Etimologiya

Carpus latınca “bilək” deməkdir.

“Karpal tunnel sindromu” adı ilk dəfə 1938-c ildə Moersch tərəfindən işlədilmişdir.

Başqa dillərdə: carpal tunnel syndrome (EN), karpal tünel sendromu (TT), синдром запястного канала (RU), das Karpaltunnelsyndrom (DE)


Epidemiologiya

KTS xüsusilə müəyyən işçi qruplarında, məsələn, təkrarlanan əl və bilək hərəkətləri ilə məşğul olanlar arasında daha geniş yayılmışdır. Qadınlar və yaşlılar arasında daha tez rast gəlinir. ABŞ-da ümumi əhali arasında KTS-nin yayılması təxminən 3.8% təşkil edir. Digər bölgələrdə, məsələn, Çin ofis işçiləri arasında KTS-nin yayılması 9.6% olaraq qeyd olunmuşdur. Risk faktorları arasında təkrarlanan əl hərəkətləri, revmatoid artrit, hipotiroidizm, piylənmə və hamiləlik kimi halları qeyd etmək olar.


Anatomiya

Karpal tunel altqoldan ələ doğru fleksor vətərlərinin və orta sinirin keçidini təmin edir. Dorsal divarını bilək sümükləri və bunları səthən bərkidən ligamentum carpi radiatum adlı bağ təşkil edir. Palmar səddi isə retinaculum flexorum-dur. Retinaculum flexorum və ya ligamentum carpi transversum bükən əzələlərin vətərlərini bilək sümüklərinə yaxın tutur və bununla qüvvənin təsirli istifadəsinə xidmət edir. Karpal kanaldan 10 vacib qurum keçir:

  • Musculus flexor digitorum superficialis (barmaqları bükən səthi əzələ) - 4 vətər
  • Musculus flexor digitorum profundus (barmaqları bükən dərin əzələ) – 4 vətər
  • Musculus flexor pollicis longus (baş barmağı bükən uzun əzələ)
  • Nervus medianus (orta sinir)

Vətərlər baş, şəhadət, orta, üzük və çeçələ barmağın bükülməsini təmin edir.


Patofiziologiya

Karpal tuneldə yerləşən sinirə mexaniki təzyiqin artması, epinevral və perinevral qan axınının azalmasına və sinir liflərinin demiyelinizasiyasına səbəb olur. Sinirin sıxılması, perinevral qan dövranını azaldaraq mikrovaskular işemiyaya gətirib çıxarır. Sinirin qidalanması və oksigenlə təmin olunması azaldıqca, aksion potensialların ötürülmə sürəti də azalır.


Klinika

Xəstəliyin kliniki gedişatı adətən bu ardıcıllıqla olur:

  • Başlanğıc mərhələsi:
    • İlk əlamətlər adətən gecə və ya səhər saatlarında yaranır.  
    • Orta sinirin innervasiya sahəsində uyuşma və qarışqa gəzmə hissi (paresteziyalar) müşahidə olunur.
    • Əl və biləkdə narahatlıq və ağırlıq hissi.
  • Orta mərhələ:
    • Paresteziyalar daha da güclənir və gün ərzində də davam edir. Bunlar biləyin xüsusi hərəkətlərində güclənir, məsələn, maşın sürəndə.
    • Əl və barmaqlarda zəiflik hissi, əşyaları tutmaqda çətinliklər yaranır.
    • Gecələr ağrılar daha da şiddətlənə bilər, tez-tez oyanmaq və əli silkələməklə narahatlığı azaltmaq zərurəti yarana bilər.
  • İrəliləmiş mərhələ:
    • Barmaqlarda daimi uyuşma və keylik.
    • Baş barmaq əzələlərində zəiflik və atrofiya.



      Diaqnoz

      Diagnoz adətən anamnez və kliniki müayinə nəticəsində mümkündür. Elektrofizioloji testlər diaqnozu təsdiq və oxşar patologiyalardan ayırmaq üçün istifadə olunur.

      • Diaqnostik testlər:
        • Phalen testi. Bilək tam bükülü vəziyyətdə tutulur. Bir dəqiqə ərzində paresteziyalar əmələ gəldikdə test müsbət sayılır.
        • Tinel testi. Paresteziya yaratmaq üçün rascetta qırışı nahiyəsi yüngül perkussiya olunur.


      Müalicə

      Karpal tunel sindromunun (KTS) müalicəsi konservativ və cərrahi üsullarla həyata keçirilə bilər. Müalicə, xəstəliyin şiddətindən və simptomların davam etmə müddətindən asılıdır.

      • Konservativ Müalicə:
        • İstirahət və ortez: Gecə saatlarında biləyi düz tutmaq üçün splint və ya ortez taxılır.
        • Medikamentoz müalicə: QSİƏD və digər ağrıkəsicilər ağrını və iltihabı azaltmaq üçün istifadə edilə bilər.
        • Kortikosteroid inyeksiyaları: biləkdəki iltihabı və şişi azaltmaq üçün təsirli ola bilər.
        • Fizioterapiya: Bilək və əl əzələlərini gücləndirmək üçün xüsusi məşqlər tətbiq edilə bilər.
        • Low level lasertherapy - aşağı dozada lazer terapiyası bir neçə tədqiqat işində xəstəliyin gedişatına müsbət təsir göstərib. Bu üsul yeni sayılır və hal-hazırda geniş istifadə olunmur.  
      • Cərrahi Müalicə:
        • Karpal tunelin açılması: Median sinirə təzyiqi azaltmaq üçün retinakulum uzunlamasına kəsilir (cərrahi dekompressiya). Bu əməliyyat açıq və ya endoskopik üsulla həyata keçirilə bilər.


      Profilaktika

      KTS-nun qarşısını almaq üçün müxtəlif tədbirlər görülə bilər:

      • Ergonomik Dəyişikliklər:
        • Təkrarlanan hərəkətlərdən qaçınmaq üçün iş mühitinin ergonomik şəkildə tənzimlənməsi.
        • Düzgün Duruş: Biləyi düz tutmaq və təkrarlanan hərəkətlərdən çəkinmək üçün düzgün duruş və mövqe.
        • Məşqlər: Bilək və əl əzələlərini gücləndirmək və elastikliyini artımaq üçün müntəzəm məşqlər. 
        • İstirahət  müntəzəm fasilələr: uzun müddət davam edən əl hərəkətlərindən sonra müntəzəm fasilələr vermək.
        • İdman: ümumi sağlamlığı yaxşılaşdırmaq üçün müntəzəm idman fəaliyyəti ilə məşğul olmaq.
      • Risk Faktorlarının Azaldılması:
        • Çəki İdarəsi: Artıq çəkidən çəkinmək və sağlam qidalanma.
        • Xroniki xəstəliklərin müalicə və profilaktikası: diabet və artritlər kimi xroniki xəstəliklərin düzgün idarə olunması.


      1. Handchirurgie. Hossein Towfigh, Robert Hierner, Martin Langer, Reinhard Friedel (Herausgeber), 1852 Seiten,: Hardcover 2011 | 2011 Springer Berlin 978-3-642-11757-2 (ISBN)
      2. Almaniyanın "Karpal tunel sindromunun diaqnostika və müalicəsi" S3 dərəcəli rəsmi protokolu - https://www.awmf.org/service/awmf-aktuell/diagnostik-und-therapie-des-karpaltunnelsyndroms 


      29 baxış, 0 bəyənmə 15-06-2024

      Dr. med. Toğrul Məmmədli

      Plastik cərrahiyyə
      Həkim-mütəxəssis

      379 baxış, 12 bəyənmə
      Qoşulma tarixi: 12-06-2024

      000

      St. Josefs-Krankenhaus Hagen

      Dr. med. Toğrul Məmmədli