Üçlü sinir (n. trigeminus)

12 kranial sinirdən 5-cisi və ən böyüyü

Etimologiya

Latınca “tri”-3 və ”gemini”- əkiz deməkdir.

Ümumi məlumat

N. trigeminus və ya Üçlü sinir və ya CN V (ingiliscədən cranial nerve), qarışıq sinir olub, üz-çənə innervasiyanı; çeynəmə və dişləmə kimi hərəkətləri yerinə yetirir. Onun 4 əsas nüvəsi var: 

  • Nucleus motorius nervi trigemini
  • Nucleus sensorius principalis nervi trigemini
  • Nucleus mesencephalicus nervi trigemini
  • Nucleus spinalis nervi trigemini.

3 əsas şaxəsi var. Bunlar n.ophthalmicus (CN V1), n.maxillaris (CN V2) və n.mandibularis-dir (CN V3). CN V1 və CN V2 hissi sinirlərdir. CN V3 isə həm hissi, həm hərəki sinirdir.

Anatomiya
Üçlü sinir (nervus trigeminus, CN V)  ən böyük kəllə siniridir və həm hissi, həm də hərəki funksiyaları yerinə yetirir.
Onun baş beyində yerləşən nüvələri:

  1. Nucleus motorius nervi trigemini - Üçlü sinirin hərəki nüvəsi.
    Bu nüvə Ponsun (Varol körpüsü) orta hissəsində, dördüncü mədəciyin (ventriculus quartus) önündə yerləşir. Çeynəmə əzələlərini (mm. masseter, temporalis, pterygoideus medialis və lateralis) innervasiya edir.
  2. Nucleus sensorius principalis nervi trigemini - Üçlü sinirin körpü (hissi) nüvəsi.
    Ponsun yuxarı hissəsində, hərəki nüvənin yanında lateral tərəfdə yerləşir. Üz və başdan gələn toxunma və təzyiq hisslərini qəbul edir. Üçlü sinirin hissi şaxələrindən gələn məlumatları mərkəzə çatdırır.
  3. Nucleus mesencephalicus nervi trigemini - Üçlü sinirin orta beyin yolu nüvəsi.
    Orta beyində (mesencephalon), beyin su kəmərinin (aqueductus cerebri (Silvii)) yanında lateral tərəfdə yerləşir.
  4. Nucleus spinalis nervi trigemini - Üçlü sinirin onurğa beyni yolu nüvəsi.
    Ponsdan başlayaraq, uzunsov beyin (medulla oblongata) və yuxarı onurğa beyninə qədər uzanır. Ağrı və temperatur hissini ötürür.
    

             Yuxarı körpü






Orta körpü

Aşağı körpü

Üçlü sinir üçlü qanqliondan (ganglion trigeminale) Varoli körpüsünə daxil olur. Üçlü sinir şaxələri üçlü qanqlionda birləşir. Üçlü qanqlion cavum trigeminale-də yerləşir.

Birinci şaxə - göz siniri (n.ophthalmicus)

O, göz yuvasının yuxarı yarığı ilə (fissura orbitalis superior) kəllə boşluğunu tərk edir. Bundan əvvəl isə kəllənin orta çuxuruna (lat. fossa cranii media) bir şaxə verir. Bu şaxə sərt qişa şaxəsi (n. tentorius) adlanır və baş beynin sərt qişasını innervasiya edir. Yuxarı orbital yarıqdan keçdikdən sonra göz siniri daha 3 şaxə verir. Bunlar gözyaşı (n. lacrimalis), alın (n. frontalis) və burun-kirpik (n. nasociliaris) sinirləridir.

  • Gözyaşı siniri bunların arasında ən kiçiyidir. Gözyaşı arteriyası (a. lacrimalis) ilə birlikdə bayır düz əzələnin (m. rectus lateralis) yuxarı səthindən gözyaşı vəzisinə (glandula lacrimalis) və göz yuvası septumundan keçib üst göz qapağının dərisini innervasiya edir. Gözyaşı siniri gözyaşı vəzisinə çatmazdan əvvəl üçlü sinirin əng şaxəsinin bir hissəsi olan almacıq siniri (n. zygomaticus) ilə əlaqələnir.
  • Alın siniri göz sinirinin üç əsas şaxəsi arasında ən böyüyüdür. Bu sinir yuxarı göz qapağını qaldıran əzələnin (m. levator palpebrae superioris) yuxarı səthi boyunca, sümüküstlüyünün altına keçir. Təxminən göz almasının arxa hissəsində alın siniri 2 şaxəyə ayrılır: gözyuvası üstü sinir (n. supraorbitalis) və bloküstü sinir (n. supratrochlearis). Gözyuvasıüstü sinir yuxarı göz qapağını qaldıran əzələnin yuxarı səthi ilə davam edərək supraorbital dəliyə keçir. Alın siniri yuxarı göz qapağı dərisini, konyuktivanı və alın dərisini innervasiya edir. Gözyuvasıüstü sinir alın boşluğunun selikli qişasından liflər alır. Bloküstü sinir isə blokaltı sinir ilə əlaqəlidir.
  • Burun-kirpik siniri gözyuvasının yuxarı hissəsinin medial və mərkəzi hissələrindən keçir. Göz yuvasının yuxarı yarığından keçdikdən sonra 2 terminal şaxəyə ayrılmazdan əvvəl 3 ayrı şaxəyə bölünür: kirpik düyününə gedən birləşdirici şaxə (r. communicans cum ganglio ciliari), uzun kirpik sinirləri (nn. ciliares longi), blokaltı sinir (n. infratrochlearis). Kirpik düyününə gedən şaxə, adından da göründüyü kimi, burun-kirpik sinirini kirpik düyünü ilə əlaqələndirir. Uzun kirpik sinirləri gözün buynuz və ağlı qişalarını innervasiya edir. Blokaltı sinir isə yuxarı göz qapağının dərisini və konyuktivanı innervasiya edir.  Burun-kirpik sinirinin 2 terminal şaxəsi isə arxa xəlbir (n. ethmoidalis posterior) və ön xəlbir (n. ethmoidalis anterior) sinirləridir. Arxa xəlbir siniri xəlbir boşluğunu və əsas boşluğu innervasiya edir. Bu sinirin lifləri arxa xəlbir kanalı ilə (canalis ethmoidalis posterior) burun kirpik sinirinə bağlanır. Ön xəlbir siniri burun arakəsməsinin arxa hissələrini, burun dərisini innervasiya edir. 

    

Üçlü sinirin birinci şaxəsi - göz siniri



Göz sinirini şaxələri


İkinci şaxə - əng siniri (n.maxillaris)

Bu şaxə kəllə daxilindən girdə dəliklə (foramen rotundum) qanad-damaq çuxuruna (fossa pterygopalatina) çıxır. Burada qanad-damaq (n. pterygopalatinum) və almacıq (n. zygomaticus) şaxələri verir. Bu şaxələri verdikdən sonra aşağı gözyuvasıaltı yarıqla göz yuvasına daxil olur, buradan da gözyuvasıaltı kanala keçir. Sinirin bu hissəsi gözyuvasıaltı sinir adlanır (n. infraorbitalis).

  • Qanad-damaq siniri qanad-damaq qanqlionu ilə əlaqələnir. Qanad-damaq qanqlionuna həmçinin üz sinirindən gələn və hərəki olan böyük daşlıq siniri (nervus petrosus major), əng sinirindən gələn hissi damaq sinirləri (nn. palatini) və daxili yuxu kələfindən gələn simpatik dərin daşlıq sinirləri (n. petrosus profundus) aiddir. Qanad-damaq qanqlionundan göz yuvası, arxa yuxarı və aşağı burun şaxələri, damaq sinirləri və sekretor şaxələr ayrılır. Göz yuvası şaxələri göz yuvasına daxil olur, dal xəlbir dəliyindən keçərək xəlbir sümüyündə və əsas cibdə şaxələnir. Arxa yuxarı burun şaxələri əsas damaq dəliyi (foramen palatinum majus) ilə burun boşluğuna daxil olub, yuxarı (concha nasalis superior) və orta burun balıqqulaqlarına (concha nasalis media), burun çəpərinə (septum nasi), burun-damaq sinirinə (n. nasopalatinus) şaxələr verir. Bunlardan ən böyüyü olan burun-damaq siniri kəsici kanaldan (canalis incisivus) keçərək sərt damağın ön hissəsini, köpək dişləri hissəsini innervasiya edir. Damaq sinirləri böyük damaq sinirinə (n. palatinus major), kiçik damaq sinirinə (n. palatinus minor), aşağı arxa burun şaxələrinə (rami nasales posteriores inferiores) ayrılır. Böyük damaq siniri eyniadlı dəlikdən damağa çıxır, sərt damağın arxa kənarından köpək dişlərə qədər olan hissəni innervasiya edir. Kiçik damaq sinirləri də eyniadlı dəlikdən çıxıb badamcıqları və yumşaq damağı innervasiya edir. Aşağı arxa burun şaxələri isə aşağı burun balıqqulağını (concha nasalis inferior), Haymor boşluğunu innervasiya edir.
  • Almacıq siniri göz yuvasının aşağı yarığından göz yuvasına daxil olur. Oradan almacıq göz yuvası dəliyi vasitəsilə 2 şaxəyə ayrılır: almacıq-üz (r. zygmaticofacialis) və almacıq-gicgah (r. zygomaticotemporalis). Bu şaxələr alının arxa hissəsini, gicgahın ön hissəsini, yuxarı yanağı və gözün xarici bucağının dərisini innervasiya edir.
  • Gözyuvasıaltı sinir alt göz qapağını, gözyuvası altı nahiyəni, burunun bayır hissəsinin üst dərisini, üst dodağın selikli qişasını və burun qanadını innervasiya edir. Gözyuvasıaltı sinirdən gözyuvasıaltı şırımın arxa hissəsində orta yuxarı alveol siniri (nervus alveolaris superior medius) ayrılır. Bu sinir də öz növbəsində əngin bayır divarına daxil olarkən 2 şaxəyə bölünür. Həmin şaxələr arxa və ön alveol sinirləri ilə birləşir, kiçik azı dişləri, ağız dəhlizi tərəfdən bu nahiyənin alveol çıxıntısının selikli qişasını innervasiya edir.
  • Qanad-damaq çuxurunda əng sinirindən yuxarı alveol şaxələri (nn.alveolares superiores ) ayrılır. Bu sinirlərin çox hissəsi sümüyə daxil olur, haymor boşluğunu, böyük azı dişlərini, alveol çıxıntısını innervasiya edir. Az hissəsi isə sümüyə daxil olmur, sümüküstlüyünü, diş ətini, yanağın selikli qişasını innervasiya edir. Ön yuxarı alveol şaxələri (ramii alveolares superiores anteriores) 1-3 kökdən ibarət olur, kəsici, köpək dişləri, bu nahiyədə dəhliz tərəfdən selikli qişanı, sümüküstlüyünü innervasiya edir. Arxa, orta və ön yuxarı alveol sinirləri alveol kanallarında birləşib yuxarı diş kələfini (plexus dentalis superior) əmələ gətirir. Bu kələf dişlərə, diş ətinə, pulpa və periodont toxumalarına, Haymor boşluğunun selikli qişasına şaxələr verir.

Üçlü sinirin ikinci şaxəsi - əng siniri



Əng sinirinin şaxələri



Qanad-damaq qanqlionuna gələn və ondan çıxan sinirlər

Üçüncü şaxə - çənə siniri (n.mandibularis)

Kəllə daxilindən oval dəliklə (foramen ovale) çıxıb, gicgahaltı çuxurda (fossa infratemporalis) bir neçə şaxəyə ayrılır. Bu şaxələr ön və arxa şaxələr olmaqla 2 yerə bölünür. Ön şaxələrdə həm hissi, həm də hərəki liflər mövcuddur. Arxa şaxələrdə isə yalnız hissi liflər mövcuddur. Yalnız yanaq siniri ön şaxələrdən ayrılsa da, hissi sinirdir.

Ön şaxələr:

  • Meningeal şaxə (n. meningeus) - oval dəlikdən keçdikdən sonra yenidən gicgahaltı çuxura qayıdır və kəllənin orta çuxuruna daxil olur.
  • İçəri qanadabənzər sinir (n. pterygoideus medialis) - eyni adlı əzələni innervasiya edir. Yumşaq damağa, qulaq pərdəsini gərginləşdirən əzələlərə şaxələr verir.
  • Bayır qanadabənzər sinir (n. pterygoideus lateralis) - eyni adlı əzələni innervasiya edir.
  • Çeynəmə siniri (n. massetericus) - çeynəmə əzələsinə və gicgah-çənə oynağına şaxələr verir.
  • Dərin gicgah sinirləri (nn. temporales profundi) - ön və arxa şaxələri var.
  • Çənə-dilaltı siniri (n. mylohyoideus) - çənə-dilaltı əzələni və ikiqarıncıqlı əzələnin ön qarıncığını innervasiya edir.
  • Yanaq siniri (n. buccalis) - yanaq nahiyəsinin dərisini, selikli qişasını innervasiya edir. Hissi sinirdir.

Arxa şaxələr:

  • Qulaq seyvanı-gicgah siniri (n. auriculotemporalis) - Bu şaxə qulağın dərisini innervasiya edir. Bu sinir tipik olaraq sərt qişanın orta arteriyası (a. meningea media) ətrafında bölünür.
  • Dil siniri (n. lingualis) - Bu şaxə ağız boşluğu dibini, dilin ön hissəsini, badamcıqları, dilaltı ağız suyu vəzisini innervasiya edir.
  • Aşağı alveol siniri (n. alveolaris inferior) - Çənə sinirinin ən böyük şaxəsidir. İçəri və bayır qanadabənzər əzələlərin arasında, dil sinirinin arxasında çənə dəliyinə çatır, çənə kanalı ilə davam edir. Çənəaltı dəliyə (foramen mentale) qədər böyük və kiçik azı dişlərinə şaxələr verir. Çənəaltı dəlikdən sonra isə çənəaltı sinirə keçir (n. mentalis). Bu sinir vasitəsilə alt dodağın selikli qişasını, çənənin saqqal hissəsini innervasiya edir. Aşağı alveol siniri çənəaltı dəliyə ayrıldıqdan sonra köpək və kəsici dişləri innervasiya edən qalan hissəsinə kəsici sinir də deyilir. Sağ və sol kəsici sinirlər orta xətt nahiyəsində anastomozlaşır.



Üçlü sinirin üçüncü şaxəsi-çənə siniri



Çənə sinirinin şaxələri


Kliniki əhəmiyyəti

Üçlü sinirin nüvələri və şaxələri müxtəlif nevroloji və stomatoloji xəstəliklərdə əhəmiyyət kəsb edir. Məsələn, trigeminal nevralgiya üçlü sinirin bir və ya bir neçə şaxəsinin zədələnməsi nəticəsində yaranan şiddətli üz ağrısı ilə xarakterizə olunur. Bundan əlavə üz-çənədə aparılan əksər stomatoloji, cərrahi əməliyyatlar məhz bu sinirin və onun şaxələrinin keyləşdirilməsi hesabına yerinə yetirilir.







  1. https://radiopaedia.org/articles/trigeminal-nerve
  2. Netter FH. İnsanın Anatomiyası Atlası. 6-cı nəşr. Elsevier; 2018.
  3. V.B. Şadlinski, Ş.İ. Qasımov, N.T. Mövsümov. İnsanın Anatomiyası Atlası. 3-cü nəşr. “Müəllim”; 2012.
  4. M.Schünke, E.Schulte, U.Schumacher. Anatomy for Dental Medicine. 2th edition. Thieme; 2015.
  5. Y.Ə. Yusubov, S.Y. Bilalzadə. Üz-çənə cərrahiyəsi və cərrahi stomatologiya. 2-ci nəşr. “Elm və təhsil”; 2011
  6. Gray H. Gray's Anatomy: Kliniki Praktikanın Anatomik Əsasları. 41-ci nəşr. Elsevier; 2015
  7. Kyung Won Chung, Harold M. Chung. Gross Anatomy. (2012) ISBN: 9781605477459


5 baxış, 0 bəyənmə 11-01-2025

Orxan Pənahov

5-ci kurs
Tələbə

14 baxış, 2 bəyənmə
Qoşulma tarixi: 02-11-2024

Orxan Pənahov