Xəyali zəng sindromu
Zəng siqnalı kimi auditor hallüsinasiyalarla müşayiət olunan və sensor qavrayışın pozulması ilə xarakterizə edilən sindrom
Tərif
Xəyali zəng sindromu (xəyali vibrasiya sindromu; ingiliscə phantom vibration syndrome) müasir dövrdə insan həyatına daxil olub. Bu sindrom zamanı mobil telefonun zəng çalmamasına (və ya vibrasiya etməməsinə) baxmayaraq, insanlar vibrasiya hiss edərək telefonlarını yoxlayırlar.
Tarix
Bu mövzu barədə ilk elmi araşdırma 2007-ci ildə aparılmışdır. Məqalədə araşdırmaçılar bu fenomeni ringxiety adlandırmışlar(ing. ring-zəng; anxiety-narahatlıq). 2012-ci ildə “Phantom vibration syndrome” ifadəsi Avstraliyada ilin sözü seçilmişdir.
Etiologiya
Etiologiyası məlum deyil. Adətən insanlar mobil telefonlarını bir neçə ay ciblərində daşıdıqdan sonra başlayır. Güman olunur ki, bir müddət telefonun vibrasiyasına “öyrəşən” beyin, daha sonra paltarların bədənə toxunuşunu, əzələ hərəkətlərini bu vibrasiyaya bənzədir.
Epidemiologiya
2010-cu ildə tibb işciləri ilə aparılan bir araşdırmanın nəticələrinə əsasən, sorğuya qatılan 169 nəfərdən 115-i bunu yaşadığını, 13%-i isə gündəlik olaraq hiss etdiyini qeyd etmişdir. Bu hissiyatın əmələgəlmə sıxlığı 4 fərqli səbəblə əlaqəli olmuşdur: şəxsin peşəsi, mobil telefonunu hansı cibinə qoyduğu, gündəlik istifadə müddəti və “vibrasiya” rejimində istifadə edib-etmədiyi. Həmçinin bu şəxslər, hissiyatı dayandırmaq üçün telefonu başqa cibə yerləşdirmiş, “vibrasiya” rejimindən istifadəni dayandırmış, başqa cihazlar istifadə etməyə başlamışlar.
2012-ci ildə başqa bir araşdırma universitet tələbələri arasında aparılmışdır. Bu araşdırmada isə 290 universitet tələbəsi sorğuda iştirak etmişdir. Nəticələrə görə bu vibrasiyaları hiss edənlərin göstəricisi 89%, həftədə bir dəfə hiss edənlər isə 40% təşkil etmişdir. Hiss edənlərin 91%-i bunu “çox kiçik” və “narahat etməyən” hissiyat kimi adlandırsa da, bəziləri bu hissiyatı dayandırmağa çalışmışlar.
Müalicə
Bu sindromun ciddi simptomu və nəticəsi olmadığı üçün, xüsusi müalicəsi və qabaqlayıcı tədbirləri öz təsdiqini tapmamışdır.
12 baxış, 0 bəyənmə 16-04-2025