Xroniki periferik arteriya xəstəliyi

əsasən aşağı ətraf arteriyalarında daralma və ya tıxanma ilə səciyyələnən, qan dövranının pozulmasına səbəb olan xroniki damar xəstəliyi

Etimologiya:

Xəstəliyin tam adı periferik arteriyaların oklüziv xəstəliyidir (qısaca PAX). Bu termin yunanca peripheria – "kənar hissə" və latınca occlusio – "tıxanma" sözlərindən yaranmışdır. Xalq arasında bu vəziyyət “vitrin xəstəliyi” kimi də tanınır. Termin ilk olaraq almanca yayılmışdır: Schaufensterkrankheit. Bu, ayaq ağrılarının gəzinti zamanı yaranıb, qısa fasilələrdən sonra keçməsi ilə əlaqəlidir – xəstə tez-tez dayanmağa məcbur qalır və vəziyyətini gizlətmək üçün guya mağaza vitrinlərinə baxır.

Başqa dillərdə: peripheral arterial disease (EN); periferik arter hastalığı (TT); облитерирующий атеросклероз сосудов ног (RU); die periphere arterielle Verschlusskrankheit, pAVK (DE)


Etiologiya və risk faktorları:

  • Ateroskleroz – damar divarlarında lipid və fibroz yığıntıların yaranması əsas səbəbdir.
  • Siqaret – ən mühüm dəyişdirilə bilən risk faktorudur.
  • Şəkərli diabet – kiçik damarları zədələməklə prosesə təsir edir.
  • Hipertoniya və dislipidemiya – damar divarlarında dəyişiklik yaradır.
  • Yaş və cins – 65 yaşdan yuxarı və kişilərdə daha çox rast gəlinir.
  • Ailə anamnezi – ürək-damar xəstəlikləri ilə əlaqəli genetik risk.


Klinika

  • Claudicatio: Gəzinti zamanı baldırda, nadirən budda və ya ombada ağrı
  • Ayaqlarda soyuqluq hissi və rəng solğunluğu
  • Nəbzlərin zəifləməsi və ya itməsi (ayrı-ayrı arteriyalarda)
  • Dəri trofikası pozulur, saçlar tökülə bilər
  • İrəliləmiş hallarda istirahət zamanı ağrılar və ya toxuma nekrozu


Diaqnostika

  • Anamnez və fiziki müayinə: tipik simptomlar və periferik nəbzlərin yoxlanması
  • ABI (ankle-brachial index): topuq və qol təzyiqlərinin nisbəti ilə perfuziyanın qiymətləndirilməsi
  • Təsnifat (Fontaine Rutherford təsnifatları)
  • Duplex sonoqrafiya: damarlarda stenoz və ya oklüziyanın vizual təsdiqi
  • CTA/MRA: daha dəqiq anatomik dəyərləndirmə üçün istifadə olunur
  • Angioqrafiya: invaziv diaqnostik və eyni zamanda müdaxilə üçün baza üsuldur



Müalicə

Konservativ Müalicə:

  • Siqaretin tərgidilməsi – əsas və effektiv addım
  • Fiziki məşqlər: gəzinti proqramı (məsələn, gündə 30 dəqiqə, ağrıya qədər və dayanaraq)
  • Antitrombositar terapiya (simptomatik halda)
  • Statinlər – lipid səviyyəsini tənzimləyərək aterosklerozun gedişini ləngidir
  • Diabet və hipertoniya nəzarəti – qlikemiya və təzyiq hədəflərinə çatmaq

İntervensional və Cərrahi Müalicə:

  • PTA (Perkutan transluminal angioplastika): balon vasitəsilə damarların açılması
  • Stent implantasiyası: lazımi hallarda PTA sonrası tətbiq olunur
  • Müxtəlif intraluminal atrektomiya sistemləri (Jetstrem, HawkOne, Rotarex S, Pantheris və sair)
  • Endarterektomiya: açıq cərrahiyyə ilə lövhənin çıxarılması
  • Hibrid əməliyyat (PTA/Stent və açıq əməliyyatın kombinasiyası)
  • Bypass əməliyyatı: uzunmüddətli və ya kritik stenozlarda alternativ dövran yaratmaq üçün

Periferik arteriya xəstəliyi – əsasən aşağı ətraflarda arteriyaların aterosklerotik daralması və ya tıxanması ilə xarakterizə olunan xroniki damar patologiyasıdır. Bu xəstəlik nəticəsində əzələlərin qanla təminatı zəifləyir və bu, gəzinti zamanı ağrılarlı ilə (klaudikasiya) özünü göstərir. Risk faktorlarına siqaret çəkmə, şəkərli diabet, dislipidemiya və hipertoniya daxildir. Diaqnostika üçün ABI testi və doppler ultrasəs əsas üsullardır. Müalicə mərhələyə görə fərqlənir: siqaretin tərgidilməsi, gəzinti məşqləri, konservativ müalicə və damar açıcı prosedurlar (PTA, stent, bypass).

  1. S3-Leitlinie 065-003 (2020) – Diagnostik, Therapie und Nachsorge der peripheren arteriellen Verschlusskrankheit (PAVK), AWMF
  2. Deutsche Gesellschaft für Angiologie (DGA) – PAVK Leitlinie və xəstə məlumat broşürləri
  3. UpToDate. Peripheral artery disease in adults: Epidemiology, risk factors, and clinical presentation
  4. https://www.gesundheitsinformation.de/periphere-arterielle-verschlusskrankheit.html
  5. Universitätsklinikum Leipzig – Gefäßzentrum: PAVK-Erkennung und Behandlung
  6. https://www.hgz-bb.de/herz-gefaesse/die-gefaesse/erkrankungen-der-arterien/periphere-arterielle-verschlusskrankheit-pavk/

4 baxış, 0 bəyənmə 05-05-2025

Dr. med. Zaur Guliyev

Ürək-damar cərrahiyyəsi
Həkim-mütəxəssis

19 baxış, 0 bəyənmə
Qoşulma tarixi: 01-05-2025

Dr. med. Zaur Guliyev