Xarici yuxu arteriyası

Baş və boyunu qidalandıran əsas arteriya

Ümumi məlumat

Xarici yuxu arteriyası (lat. arteia carotis externa) ümumi yuxu arteriyasının (lat. arteria carotis communis) bir şaxəsidir. O, ümumi yuxu arteriyasından qalxanabənzər qığırdağın (lat. cartilago thyroidea) üst hissəsində ayrılır. Buradan o, döş-körpücük-məməyəbənzər (lat. musculus sternocleidomastoideus) əzələnin ön kənarı ilə qalxaraq yuxu üçbucağına (lat. trigonum caroticum) daxil olur. Daha sonra qulaqaltı ağız suyu vəzi (lat. glandula parotidea) nahiyəsində səthi gicgah arteriyası (lat. arteria temporalis superficialis) və əng arteriyasına (lat. arteria maxillaris) ayrılır.


Xarici yuxu arteriyasının ön şaxələri


Anatomiya

Xarici yuxu arteriyası ümumi yuxu arteriyasından ayrılandan sonra bir neçə şaxə verir:

1. Yuxarı qalxanabənzər arteriya (lat. arteria thyreoidea superior) - qırtlağı, qalxanabənzər vəzi, əsnəyi və döş-körpücük-məməyəbənzər əzələni qidalandırır. Bu şaxə də öz növbəsində 4 şaxəyə ayrılır: dilaltı şaxə (lat. ramus hyoideus), döş-körpücük-məməyəbənzər şaxə (lat. ramus sternocleidomastoideus), yuxarı qırtlaq arteriyası (lat. arteria laryngea superior), üzük-qalxanabənzər şaxə (lat. ramus cricothyreoideus).

2.Dil arteriyası (lat. arteria lingualis) - ağız boşluğu dibini, dili, dilaltı ağız suyu vəzini qidalandırır. 

Dil arteriyası


3. Üz arteriyası (lat. arteria fascialis) - üzün dərisini, çənəaltı ağız suyu vəzini, yumşaq damağı, ikiqarıncıqlı əzələnin ön qarıncığını, damaq badamcıqlarını, burun arakəsməsini qidalandırır.

4. Udlağın qalxan arteriyası (lat. arteria pharyngea ascendeus) - udlaq divarı toxumalarını, orta qulağı, arxa kəllə boşluğunu qidalandırır.

5. Ənsə arteriyası (lat. arteria occipitalis) - boyun əzələlərini və ənsəni qidalandırır.

Ənsə arteriyası

6. Qulaq seyvanının arxa arteriyası (lat. arteria auricularis posterior) - qulaq seyvanının arxasını, qulaqaltı ağız suyu vəzini, təbil boşluğunu qidalandırır.

7. Əng arteriyası (lat. arteria maxillaris) - bu şaxə xarici yuxu arteriyasının davamıdır. Üzün dərin hissələrini, dişləri, çeynəmə əzələlərini, burun boşluğunu, üz skeletini qidalandırır. Bu arteriya özü də bir çox şaxələrə ayrılır. Şaxələr 3 hissəyə ayrılır:

   Birinci hissə:

aAşağı alveol arteriyası (lat. arteria alveolaris inferior) - o, çənə dəliyindən (mandibulyar dəlik) daxil olaraq, çənə sümüyünü, çənədəki dişləri və dişlərin pulpasını qidalandırır. Aşağı alveol arteriyası özü də bir neçə şaxə verir: arteriya mental dəlikdən çıxdıqdan sonra mental arteriya adlanır. Mental arteriya çənənin ön hissəsini qidalandırır və burada anostomozlar yaradır. Bundan başqa, aşağı alveol arteriyasından dil şaxəsikəsici şaxə (insizial), çənə-dilaltı şaxə ayrılır. Bu şaxələr, müvafiq olaraq, dili, çənənin kəsici dişlərini və çənə-dilaltı hissəni qidalandırır. Dil şaxəsi və çənə-dilaltı şaxə aşağı alveol arteriyası mandibulyar dəliyə daxil olmazdan əvvəl ayrılır.
bQulaq seyvanının dərin arteriyası (lat. arteria auricularis profunda) - qulaq kanalının divarları boyunca irəriləyir.Burada o xarici qulağı qidalandırır. Əlavə olaraq, gicgah-çənə oynağına bir şaxə - gicgah-çənə oynağı şaxəsini verir. Bu şaxə adından da göründüyü kimi gicgah-çənə oynağını qidalandırır.
c. Ön təbil arteriyası (lat. arteria tympanica anterior) - orta qulağı arterial qanla təchiz edir.
dSərt qişanın orta arteriyası (lat. arteria meningea media) -tin dəliyi (lat. foramen spinosum) ilə kəllə boşluğuna daxil olur.

Sərt qişanın orta arteriyası

   İkinci hissə:

e. Çeynəmə arteriyası (lat. arteria masseterica) - çeynəmə əzələsini qidalandırır. Bu arteriya üz arteriyası ilə anostomoz əmələ gətirir.

f. Qanadabənzər şaxələr (lat. rami pterygoidei arteriae maxillaries) - xarici və daxili qanadabənzər əzələlərə arterial qanı çatdırır.

g. Dərin gicgah arteriyaları (ön və arxa şaxələr) (lat. arteria temporalis profunda anterior, arteria temporalis profunda posterior) - gicgahı qidalandırır. Gözyaşı arteriyası (lat. arteria lacrimalis) və orta gicgah arteriyası (lat. arteria temporalis media) ilə anostomozlaşır.

h. Yanaq arteriyası (lat. arteria buccalis) - üzün yanaq hissəsinin dərisini, yanağın selikli qişasını və yanaq əzələsini oksigenlə zəngin qanla təchiz edir. Üz arteriyası şaxələri və gözyuvasıaltı arteriya (lat. arteria infraorbitalis) ilə anostomozlaşır.

  Üçüncü hissə:

i. Gözyuvasıaltı arteriya (lat. arteria infraorbitalis) - bu arteriya da öz növbəsində göz, ön yuxarı və orta yuxarı alveol şaxələri verir. Əngin dişlərini, Haymor cibini (əng cibi), üst dodağı, alt göz qapağını, burunu qidalandırır. Gözyuvası altı dəlikdən xaricə çıxır.

j. Damağın enən arteriyası (lat. arteria palatina descendens) - böyük damaqkiçik damaq şaxələri verir. Sərt və yumşaq damağı, əngin selikli qişasını, burun boşluğunu arterial qanla təchiz edir.

k. Əsas-damaq arteriyası (lat. arteria sphenopalatina) - bu arteriya burun qanaxması arteriyası olaraq da bilinir. Əsas-damaq dəliyi (lat.foramen sphenopalatina) ilə burun boşluğuna daxil olur. Damağın enən arteriyasının böyük damaq şaxəsi ilə anostomozlaşır. Burun arakəsməsini, burun boşluğunu, əng cibini, frontal cibi, əsas cibi qidalandırır.

l. Yuxarı arxa alveol arteriyaları (lat. arteria alveolaris superior posterior) - əngin molyar, premolyar dişlərini və onlara bağlı yumşaq toxumaları, əng cibini qidalandırır.

m. Qanadabənzər kanal arteriyası (lat.arteria canalis pterygoiedus) - bu şaxə xarici yuxu arteriyası və daxili yuxu arteriyası arasında anostomoz yarada bilir. Bu arteriyaya həmçinin italyan cərrah və anatom Vidus Vidiusun adı ilə Vidian arteriya deyilir.

Bu şaxələrin hamısı birlikdə irəlilədikləri sinirin adı ilə adlandırılmışdır. Təkcə əsas-damaq arteriyası istisna təşkil edir, belə ki, o burun-damaq siniri ilə birgə irəliləyir.


8.Səthi gicgah arteriyası(lat.arteria temporalis superficialis)-başın əsas arteriyasıdır. Xarici yuxu arteriyası əng arteriyası və səthi gicgah arteriyasına ayrılaraq sonlanır. Bu arteriyada nəbzi hiss etmək mümkündür. Bu arteriyanın şaxələri əsasən ön (anterior) və arxa (posterior) şaxələrə bölünür. 


Səthi gicgah arteriyası

  1. Netter FH. İnsanın Anatomiyası Atlası. 6-cı nəşr. Elsevier; 2018
  2. V.B. Şadlinski, Ş.İ. Qasımov, N.T. Mövsümov. İnsanın Anatomiyası Atlası. 3-cü nəşr. “Müəllim”; 2012.
  3. M.Schünke, E.Schulte, U.Schumacher. Anatomy for Dental Medicine. 2th edition. Thieme; 2015
  4. Gray H. Gray's Anatomy: Kliniki Praktikanın Anatomik Əsasları. 41-ci nəşr. Elsevier; 2015
  5. Sinnatamby, Chummy S. (2011). Last's Anatomy (12th ed.). pp. 362–364. ISBN 978-0-7295-3752-0.
  6. Tubbs RS, Salter EG (2006). "Vidius Vidius (Guido Guidi)": 1509-1569". Neurosurgery. 59 (1): 201–3, discussion 201–3. doi:10.1227/01.NEU.0000219238.52858.47. PMID 16823317
  7. https://www.sciencedirect.com/topics/neuroscience/external-carotid-artery

7 baxış, 0 bəyənmə 25-04-2025

Orxan Pənahov

5-ci kurs
Tələbə

66 baxış, 2 bəyənmə
Qoşulma tarixi: 02-11-2024

Orxan Pənahov