Willisin qan dövranı
lat. Circulus arteriosus cerebri — beyin əsasında, subaraxnoidal boşluqda yerləşən və beyin qan dövranının sabitliyini təmin edən arterial anastomoz sistem
Giriş
Bu pentaqon formalı dövran sağ və sol vertebral arteriyalar ilə daxili yuxu arteriyalarının (A. carotis interna) birləşməsi nəticəsində formalaşır və beyin perfuziyasını sabit saxlamaqla işemiyadan qoruyur.
Anatomiya
Willisin dövranı iki əsas hissədən ibarətdir:
- Ön (anterior) dövran – daxili yuxu arteriyalarının şaxələrindən yaranır. Qan axınının 80%-ni təmin edir.
- Arxa (posterior) dövran – vertebral arteriyalar və onların birləşməsi ilə formalaşan bazilyar arteriya sistemi ilə tənzimlənir. Qan axınının 20%-ni təmin edir.
⸻
Vertebral Arteriya
Vertebral arteriyalar (A. vertebralis) foramen magnumdan keçərək kəllə boşluğuna daxil olur və yuxarıya doğru yönəlir.
Bu arteriya bir neçə mühüm şaxə verir:
• Arteria cerebelli posterior inferior (PICA) – arxa aşağı beyincik arteriyası; beyinciyin aşağı hissəsini və uzunsov beyinin bir hissəsini qidalandırır.
• Arteria spinalis posterior – PICA-dan ayrılan şaxədir, onurğa beyninin arxa hissəsini qidalandırır.
• Arteria spinalis anterior – hər iki vertebral arteriyanın birləşən ön şaxəsindən yaranır; uzunsov beyin və onurğa beyninin ön hissəsini qidalandırır.
Bundan sonra sağ və sol vertebral arteriyalar bir-biri ilə birləşərək arteria basilarisi (bazilyar arteriya) əmələ gətirir.
⸻
Bazilyar Arteriya
Bazilyar arteriya körpü səviyyəsində (pons) yerləşir və aşağıdakı ardıcıl şaxələri verir:
• Arteria cerebelli anterior inferior (AICA) – ön aşağı beyincik arteriyası
• Arteria labyrinthi (A. acustica interna) – ön aşağı beyincik arteriyasının şaxəsi olub, daxili qulaq və labirinti qidalandırır
• Arteriae pontis – körpünün 4 cüt kiçik arteriyası
• Arteria cerebelli superior (SCA) – yuxarı beyincik arteriyası
Bazilyar arteriya yuxarıda iki arxa beyin arteriyasına (A. cerebri posteriores – PCA) ayrılır. Bu arteriyalar arxa əlaqələndirici arteriyalar (A. communicans posterior) vasitəsilə ön dövranla birləşərək Willisin dövranını tamamlayır.
⸻
Daxili Yuxu Arteriyası
Daxili yuxu arteriyası kəllə boşluğuna daxil olduqdan sonra aşağıdakı əsas şaxələri verir:
• Arteria ophthalmica – göz almasını və orbitanı qidalandırır,
• Arteria cerebri media (MCA) – orta beyin arteriyası,
• Arteria cerebri anterior (ACA) – ön beyin arteriyası.
Sağ və sol ön beyin arteriyaları bir-biri ilə ön əlaqələndirici arteriya (A. communicans anterior) vasitəsilə birləşir və dövranın ön hissəsini tamamlayır.
⸻
Fizioloji və Klinik Əhəmiyyət
Willisin dövranı beynin qan dövranında kompensator mexanizm rolunu oynayır.
Əgər əsas damarların biri (məsələn, daxili yuxu arteriyası və ya vertebral arteriya) tıxanarsa, qan axını alternativ damar yolları ilə beyin toxumalarına yönləndirilə bilər. Beləliklə, dövranın bütöv olması beynin işemiyadan qorunmasında həyati rol oynayır.
- TeachMe Anatomy, „Circle of Willis – Structure, Location“, TeachMe Anatomy, 31 Mart 2024. Web səhifə. Mövcuddur: https://teachmeanatomy.info/encyclopaedia/c/circle-of-willis
- NinjaNerd, y.y. Brain Blood Flow & Circle of Willis, NinjaNerd [online]. Mövcuddur: https://www.ninjanerd.org/notes/nursing-brain-blood-flow-and-circle-of-willis
- https://www.medi-karriere.de/wiki/circulus-arteriosus-willisii/
- https://www.kenhub.com/de/library/anatomie/circulus-arteriosus-cerebri
2 baxış, 0 bəyənmə 11-10-2025