Stephan əyrisi
Qlükoza qəbulundan sonra ağız boşluğunun pH-ı və kariyes arasındakı əlaqəni göstərən qrafik
Tarix
1934-cü ildə ABŞ İctimai Səhiyyə Xidmətinin əməkdaşı olan Robert M. Stephan, diş lövhəsində (plak) pH dəyişikliklərini ölçərək diş çürüməsinin inkişaf mexanizmini daha dərindən anlamağa çalışırdı. O, fərqli kariyes aktivliyinə malik şəxsləri seçərək, şəkərli məhlul qəbulundan sonra diş lövhəsində pH dəyişikliklərini izləyərək məşhur "Stephan əyrisi"ni yaratmışdır.
Araşdırmanın gedişi
Stephan, dişlərində kariyes olmayan və ya müxtəlif dərəcələrdə karioz boşluqları olan pasiyentlər seçmiş, həmin pasiyentlərə 3-4 gün ərzində dişlərini təmizləməməyi tapşırmışdır. Daha sonra pasiyentlər ağız boşluqlarını 10%-li 10ml qlükoza məhlulu ilə 10 saniyə ərzində yaxalamışlar. Stephan, yaxalamadan əvvəl və sonra ön dişlərin dodaq (labial) səthində əmələ gələn diş ərpinin pH-nı ölçmüşdür: pH əvvəlcə ani düşmüş, 30-60 dəq sonra isə yenidən əvvəlki vəziyyətinə qayıtmışdır. Bu ani düşüş asidurik və asidogenik bakteriyaların saxarozanı həzm etmə sürətindən asılıdır. Kariyesi olmayan və ya karioz boşluqlu pasiyentlərdə pH səviyyələri müxtəlif səviyyədə dəyişmişdir. Karioz boşluğun ağırlıq dərəcəsi artdıqca pH səviyyəsi daha çox turşuluğa doğru yerini dəyişmişdir.
"Kritik pH"
Stephan həmçinin “kritik pH” anlayışını tanıtmışdır. Onun düşüncəsinə görə, müxtəlif dərəcəli karioz boşluqların müxtəlif “hipotetik dekalsifikasiyaedici pH səviyyəsi” vardır. O, bunu 5.0 olaraq qəbul etmişdir. Ancaq daha sonra Dawes mina dekalsifikasiyasına diş ərpindəki kalsium, fosfor və flüorun da təsiri olduğunu göstərdi. Beləliklə, “kritik pH”-ın orqanizmdən orqanizmə və dişdən dişə dəyişdiyi, əsasən 5.1-ə qədər ola bildiyi məlum oldu.
Kliniki əhəmiyyət
Stephan əyrisi qida qəbulundan sonra ağız boşluğu pH-nın minanın demineralizasiya səviyyəsinə qədər endiyini göstərir. Bu kariyesin biokimyəvi əsaslarını anlamaqda əhəmiyyətli idi və gələcək araşdırmalar üçün zəmin yaratdı. Həmçinin, kariyes profilaktikasında və müalicəsində (xüsusilə, kariyesin ilkin mərhələlərində) istiqamətverici rol oynadı.
Gün ərzində qida qəbulundan sonra ağız boşluğunun "Stefan əyrisi"
- Stephan R. M., Miller B. F. A quantitative method for evaluating physical and chemical agents which modify production of acids in bacterial plaques on human teeth. J Dent Res 1943;22:45–51.
- Robert S. Ireland. A Dictionary of Dentistry.Oxford University Press.2020 ISBN:9780191828621, 0191828629
- M Wolff, P Corby, G Klaczany, P Santarpia, S Lavender, E Gittins, M Vandeven, D Cummins, R Sullivan. In vivo effects of a new dentifrice containing 1.5% arginine and 1450 ppm fluoride on plaque metabolism. The Journal of Clinical Dentistry. October 2013(https://www.researchgate.net/publication/258041744_In_vivo_effects_of_a_new_dentifrice_containing_15_arginine_and_1450_ppm_fluoride_on_plaque_metabolism)
- Michelle Hurlbutt, Brian Novy, Douglas Young. Dental Caries: A pH-mediated disease. CDHA Journal Vol. 25 No. 1. Winter 2010.
- Dawes C. What is the critical pH, and why does a tooth dissolve in acid? J Can Dent Assoc. 2003;69:722–4
- Shellis RP, Dibdin GH. Analysis of the buffering systems in dental plaque. J Dent Res. 1988;67:438–46
- https://www.dentalhealthcolorado.com/wpcontent/uploads/2012/03/pHMediatedDisease.pdf
- https://www.dentalnursenetwork.com/news/1796-diary-of-a-dental-hygiene-student-the-stephan-curve-impression-taking-and-fissure-sealants.html
9 baxış, 0 bəyənmə 08-05-2025