Sinus-liftinq əməliyyatı
Əng sümüyündə azalan sümük hündürlüyünü artırmaq üçün sinus dibi membranının cərrahi üsulla qaldırılması
Tərif
Əng sümüyündə baş verən atrofiyalar nəticəsində sümüyün hündürlüyünün azalması implant müalicəsi üçün çətinlik yaradır. Belə ki, bəzən əng sümüyündə, qoyulması planlanan implantın uzunluğuna uyğun gəlməyən sümük hündürlüyü olur. Belə ənglərdə lazım olan sümük hündürlüyünü əldə etmək üçün sinus-liftinq əməliyyatı həyata keçirilir.
Tarix
Haymor boşluğunu və kəllə sümüyündəki sinusları anatomik olaraq ilk dəfə, renessans dövründə Andreas Vesalius və Leonardo da Vinçi göstərmişdir.
Leonardo Da Vinçinin çəkdiyi üz-çənə anatomiyası eskizi
1893-cü ildə George Caldwell və 1897-cü ildə Henry Luc bir-birindən müstəqil olaraq lateral pəncərə üsulu ilə Haymor boşluğuna keçid üsulunu göstərmişlər.
İlk sinus dibi membranı qaldırma əməliyyatı 1974-cü ildə Tatum tərəfindən aparılmışdır. Növbəti ildə həmin boşluq sümük materialı ilə doldurulmuş və iki implant qoyulmuşdur.
1980-ci ildə isə Boyne və James, Tatumun üsulunu təkmilləşdirərək lateral pəncərə üsulu ilə sinus-liftinq əməliyyatları etmişdilər və bu “Journal of Surgery” jurnalının 38-ci nüsxəsində yayımlanmışdır. Bu sinus dibində sümük auqmentasiyası haqqında ilk dərc olunan məqalə idi.
Göstəriş və əks-göstərişlər
Əməliyyat olunacaq xəstədə alveol sümüyü hündürlüyü 10mm-dən az, genişliyi isə 4mm-dən az olarsa sinus liftinq həyata keçirmək olar. Həmçinin xəstədə sistem xəstəlikləri, sinusda iltihabi və ya başqa xəstəliklər olmamalıdır. Bundan başqa artıq miqdarda siqaret və alkoqol istifadəsi, psixoloji narahatlıqlar və s. əməliyyatın uğurunu təhlükəyə atan amillərdir.
Planlama
Sinus-liftinq əməliyyatının ən vacib hissələrindən biri planlamadır. Planlama zamanı panoram rentgenoqrafiyadan, komputer tomoqrafiyadan(KT) istifadə edilməlidir. Xüsusilə 3D KT yumşaq toxumaların və sümüyün ölçülərini, anatomiyasını, topoqrafiyasını öyrənmək üçün ən çox kömək edən vasitədir. Planlama zamanı qoyulacaq implantların ölçüləri və yeri, sinusu nə qədər qaldırmaq lazım olduğu, lazım olan sümük materialı miqdarı, əməliyyatın internal yoxsa eksternal ediləcəyi qərarlaşdırılır.
Sinus-liftinq əməliyyatından əvvəl və sonra çəkilən rentgen görüntüləri.
Sinus-liftinq əməliyyatı üsulları
Eksternal (lateral pəncərə)
Uyğun keyləşdirmə və medikal işlərdən sonra alveol divarında kəsik aparılır. Bu kəsiklə dilim ayrılır. Bu dilim sümüyə qədər bütün yumşaq toxumaları və sümüküstlüyünü qaldırmalıdır-tam dilim ayrılmalıdır. Sümüyə çatdıqdan sonra sinusa “pəncərə” açılmalıdır. Bu pəncərəni açmaq üçün xüsusi frezlərlə yavaş-yavaş və sümüyü qızmağa qoymadan(daimi soyutma altında) yonulma aparılmalıdır. Sinus membranına çatdıqdan sonra membranı sümükdən ayıraraq qaldırmaq lazımdır. Daha sonra həmin nahiyəyə sümük materialları qoyulmalıdır. Çox zaman sinus-liftinqlə implantasiya birlikdə aparılır. Bunun üçün həmin hissədə minimum 4-5 mm sümük qalınlığı olmalıdır. Daha aşağı qalınlıqlarda isə sinus liftinq əməliyyatından sonra 6-8 ay ərzində implantasiya aparılmalıdır.
External sinus-liftinq
İnternal (osteotom)
İnternal və ya qapalı sinus-liftinq əməliyyatının mahiyyəti ondan ibarətdir ki, implant yuvası boşluğundan sinus membranı qaldırılır. Yaranmış məsafə sümük materialı ilə doldurulur, sümük toxuması qalınlığından 2-3mm böyük implant qoyulur.
İnternal sinus-liftinq
Ağırlaşmalar
Ən çox rast gəlinən ağırlaşma sinus membranının perforasiyasıdır. Bundan başqa hematoma, n. infraorbitalis zədələnməsi, sinusit, infraorbital arteriyanın səbəb olduğu qanaxmalar və s. kimi ağırlaşmalar baş verə bilər. Cərrahi əməliyyatdan 7-10 gün sonra fəsadlar özünü göstərə bilir.
- https://www.researchgate.net/figure/Leonardo-da-Vincis-depiction-of-a-skull-The-image-is-one-of-da-Vincis-anatomical_fig1_259568082
- Gleeson, Michael, ed. (2008). Scott-Brown's otolaryngology, head and neck surgery (7th ed.). London: Hodder Arnold. ISBN 9780340808931.
- https://pubmed.ncbi.nlm.nih.gov/6993637/
- ERGUN Sertan: Sinüs Lifting Operasyon Teknikleri .Her Yönüyle Maksiller Sinüs Lifting Teknikleri,
İstanbul , Dentsem Eğitim ve Yayıncılık Kitapları, 2019 ; S:140-230 - Özeç i., Kılıç E., Muderris S., Maksiller Sinüs Septa: Bilgisayarlı Tomografi ve Panoromikradyografi ile Değerlendirme. Cumhuriyet Üniversitesi Diş Hekimliği Fakültesi Dergisi, 2008,12(2),S:82-86
- Y.Ə.Yusubov, S.Y.Bilalzadə. Üz-çənə cərrahiyəsi və cərrahi stomatologiya. Bakı-2011.S:494-498
9 baxış, 2 bəyənmə 02-11-2024