Rotavirus
Körpələrdə və uşaqlarda kəskin qastroenteritin əsas törədicisi
Etimologiya
"Rota" latın dilində "təkər" deməkdir. 1974-cü ildə Thomas Henry Flewett elektron mikroskop altında virusu təkərə bənzədərək, rotavirus adını təklif etdi. Dörd il sonra bu ad Beynəlxalq Virus Taksonomiyası Komitəsi tərəfindən rəsmi olaraq tanındı.
Epidemiologiya
Rotavirus A, insanlarda rotavirus qastroenteritinin 90% hallarda səbəbidir və bütün dünya üzrə endemikdir. Hər il rotaviruslar milyonlarla ishal halına səbəb olur, bunlardan təxminən 2 milyonu hospitalizasiya olunur. Hesablamalara əsasən, 2019-cu ildə rotavirus infeksiyasından beş yaşdan kiçik uşaqlar arasında 151 714 ölüm halı baş vermişdir. Bunların 90%-i inkişaf edən ölkələrdə qeydə alınmışdır. Beş yaşına çatdıqda, demək olar, hər uşaq rotavirus infeksiyası keçirmiş olur. Rotaviruslar körpələr və uşaqlar arasında ağır ishalın aparıcı səbəbidir və xəstəxanaya yerləşdirmə tələb edən halların təxminən üçdə birinə cavabdehdir. İshala bağlı ölümlərin 37%-i və beş yaşdan kiçik uşaqlar arasında bütün ölümlərin 5%-inin səbəbi rotavirusdur. Oğlan uşaqları arasında hospitalizasiya halları qızlardan iki dəfə çoxdur.
Bakıda 2011-2016-cı illər arasında kəskin qastroenterit diaqnozu ilə hospitalizasiya olunmuş 5 yaşdan kiçik uşaqlarda səbəb kimi 16% rotavirus aşkarlanmışdı.
Rotavirus çox yoluxucudur və fekal-oral yol ilə yayılır. Yoluxma yoluxmuş şəxsin nəcisi ilə çirklənmiş əşyalarla təmas nəticəsində baş verir. Uşaq bağçaları, məktəblər və insan sıxlığı olan yerlərdə virus asanlıqla yayılır. Yuyulmamış əllər, oyuncaqlar, qidalar və içməli su rotavirusun yayılmasına səbəb ola bilər.
Virologiya və Təsnifat
Rotavirus "Reoviridae" ailəsinə aid olan ikisaplı RNT tərkibli virusdur. Onun genomu 11 seqmentdən ibarətdir və hər seqment müxtəlif zülalları kodlayır. Rotavirus kapsidi üçqatlı quruluşa malikdir və yüksək dayanıqlılığı ilə xarakterizə olunur. Bu da onu ətraf mühit faktorlarına və dezinfeksiyaedici maddələrə qarşı daha davamlı edir.
Rotavirusun növləri
Rotaviruslar antigen xüsusiyyətlərinə görə bir neçə qrupa bölünür.
- Rotavirus A: insanlarda rotavirus qastroenteritinin 90%-dən çoxuna səbəb olur və dünyada ən geniş yayılmış tipdir.
- Rotavirus B: əsasən yetkinlər arasında epidemiyalar törədir, xüsusilə Asiya ölkələrində müşahidə edilir. Bu tip insanlarda daha az yayılmışdır.
- Rotavirus C: nadirdir və həm uşaqlarda, həm də yetkinlərdə mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Bu tip də çox geniş yayılmamışdır.
- Rotavirus D, E, F, G, H, I və J: Bu növlər heyvanlar arasında rast gəlinir və insan sağlamlığı üçün böyük əhəmiyyət daşımır.
Hər bir rotavirusun səthi spesifik zülallarla əhatə olunmuşdur ki, bu zülalların da iki əsas növü var: VP4 və VP7. Bu zülallar virusun müxtəlif serotiplərə bölünməsində rol oynayır. Rotaviruslara qarşı peyvəndlərin inkişafı zamanı məhz bu antigenlər hədəf götürülür, çünki onlar immun cavabın yaranmasında əsas rola malikdir.
Rotavirus infeksiyaları əsasən qış və yaz aylarında daha çox yayılır, lakin bu, iqlimdən və coğrafi bölgədən asılı olaraq dəyişə bilər.
Klinika
- İnkubasiya dövrü 1-3 gün təşkil edir.
- Simptomlar adətən 2-6 gün davam edir.
- Yoluxuculuq dövrü adətən 8 gündən az olur, ancaq bəzi hallarda (məsələn, erkən doğulmuşlarda və immun çatışmazlığı olan pasiyentlərdə) daha uzun ola bilər.
Əsas simptom, qəflətən başlayan ishal və qusmadır. Bəzən qızdırma və qarın ağrıları olur. Rotavirus törətdiyi enteriti klinik olaraq digər infeksion qastroenteritlərdən fərqləndirmək mümkün deyil. Körpə və kiçik uşaqlarda bu xəstəlik, ishalla müşayiət olunan digər xəstəliklərə nisbətən daha ağır keçir. Ağırlaşmalar, bir qayda olaraq, dehidratasiya ilə əlaqəlidir. İlk infeksiya adətən 6 aydan 2 yaşa qədər olur. Böyüklər simptomsuz və ya yüngül keçirir. 60 yaşından yuxarı şəxslərdə xəstəliyin şiddəti yenidən artmış olur.
Diaqnoz
Rotavirus infeksiyasının diaqnozu adətən klinik simptomlar əsasında qoyulur. Bununla belə, diaqnozu təsdiq etmək üçün laborator analizlər aparıla bilər. Ən çox istifadə olunan üsul nəcisdə rotavirus daxili kapsid antigeninin aşkarlanmasıdır: enzyme-immune-test“ (EIA).
Müalicə
Rotavirus infeksiyasının xüsusi antiviral müalicəsi yoxdur. Müalicə əsasən simptomatikdir və əsas məqsəd dehidratasiyanın qarşısını almaqdır. Antibiotiklər və bağırsaq hərəkətliliyini ləngidən vasitələr tövsiyə edilmir. Müalicə tədbirləri bunlardır:
- Rehidratasiya: maye və elektrolitlərin bərpası üçün oral rehidratasiya məhlullarından istifadə olunur.
- Qidalanma: Uşaqlarda normal qidalanma davam etdirilməli, maye itkisini qarşılamaq üçün bol maye verilməlidir.
- Hospitalizasiya: Ağır dehidratasiya hallarında venadaxili maye müalicəsi tələb oluna bilər.
Profilaktika
Rotavirusa qarşı peyvənd mövcuddur. Bu peyvənd uşaqlara 6-24 həftə aralığında oral yolla verilir. Nəzərə alsaq ki, 5 yaşına qədər, demək olar ki, bütün uşaqlar rotavirusa yoluxmuş olur, peyvəndin əsas məqsədi qarşısını almaq deyil, gələcək xəstəliyin şiddətini və ağırlaşmalarını azaltmaqdır. Bu peyvənd bir çox ölkələrdə milli peyvənd təqviminə daxildir, lakin Azərbaycanda və əksər MDB ölkələrində daxil deyil.
Digər profilaktik tədbirlərə daxildir:
- Əlləri müntəzəm olaraq sabunla yumaq.
- Yoluxma riskini azaltmaq üçün oyuncaqları və səthləri təmiz saxlamaq.
- Qidaları higiyenik qaydalara uyğun hazırlamaq.
Rotavirus bir virus növüdür ki, qısamüddətli qusma və ishal xəstəliyini törədir. 5 yaşa qədər uşaqlarda qəflətən bu əlamətlər yaranarsa, böyük ehtimalla səbəbi rotavirusdur, lakin digər törədicilər də ola bilər.
Xəstəliyin gedişatı
Əsas simptom, qəflətən başlayan ishal və qusmadır. Bəzən qızdırma və qarın ağrıları olur. Körpə və kiçik uşaqlarda bu xəstəlik, ishalla müşayiət olunan digər xəstəliklərə nisbətən daha ağır keçir. İlk infeksiya adətən 6 aydan 2 yaşa qədər olur. Böyüklər simptomsuz və ya yüngül keçirir. 60 yaşından yuxarı şəxslərdə xəstəliyin şiddəti yenidən artmış olur. Ağırlaşmalar, bir qayda olaraq, susuzlaşma ilə əlaqəlidir.
Yoluxmadan ilk əlamət görünənə qədər olan dövr (inkubasiya dövrü) 1-3 gün təşkil edir.
Qusma və ishal adətən 2-6 gün davam edir.
Yoluxuculuq adətən 8 gündən az olur, ancaq bəzi hallarda daha uzun ola bilər.
Diaqnoz
Rotavirus infeksiyasının diaqnozu adətən kliniki əlamətlər əsasında qoyulur. Xüsusi analiz vasitəsilə diaqnozu təsdiq etmək olar, lakin buna əksər hallarda ehtiyac olmur.
Müalicə
Rotavirus infeksiyasının xüsusi müalicəsi yoxdur, xəstəlik bir neçə günə özü-özünə keçib gedir. Müalicənin əsas məqsədi susuzlaşmanın qarşısını almaqdır. Uşağın yaşı nə qədər azdırsa, susuzlaşma riski bir o qədər yüksəkdir.
Qusmaya baxmayaraq kifayət qədər maye və qida vermək vacibdir.
Kəskin susuzlaşma əlamətləri yaranarsa, təcili həkimə müraciət edilməlidir. Bəzi hallarda xəstəxanaya yerləşdirmək və damardaxili maye verməyə ehtiyac yarana bilər.
Antibiotiklər və bağırsaq hərəkətliliyini ləngidən vasitələr tövsiyə edilmir.
Profilaktika
Rotavirusa qarşı peyvənd mövcuddur. Bu peyvənd uşaqlara 6-24 həftə aralığında oral yolla verilir. Nəzərə alsaq ki, 5 yaşına qədər, demək olar ki, bütün uşaqlar rotavirusa yoluxmuş olur, peyvəndin əsas məqsədi qarşısını almaq deyil, gələcək xəstəliyin şiddətini və ağırlaşmalarını azaltmaqdır. Bu peyvənd bir çox ölkədə milli peyvənd təqviminə daxildir, lakin Azərbaycanda və əksər MDB ölkələrində daxil deyil.
Digər profilaktik tədbirlərə daxildir:
- Əlləri müntəzəm olaraq sabunla yumaq.
- Yoluxma riskini azaltmaq üçün oyuncaqları və səthləri təmiz saxlamaq.
- Qidaları higiyenik qaydalara uyğun hazırlamaq.
- N. Mursalova et al. Rotavirus gastroenteritis surveillance in Azerbaijan, 2011-2016. https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC9169510/
- Almaniyanın Robert Koch institutu: https://www.rki.de/DE/Content/Infekt/EpidBull/Merkblaetter/Ratgeber_Rotaviren.html
10 baxış, 0 bəyənmə 20-10-2024