Pronator teres sindromu

Orta sinirin pronator teres əzələsinin başları arasında sıxılması nəticəsində yaranan patologiya

Tərif

Pronator teres sindromu (PTS) və ya Pronator sindromu, kompression nevropatiyalara aiddir. Alt qolun pronator teres əzələsi səviyyəsində orta sinirin (nervus medianus) sıxılması ilə əlaqədardır. Bu vəziyyət, median sinirin bilək səviyyəsində sıxılması olan karpal tunel sindromuna bənzəyir, lakin ona nisbi olaraq nadirdir və buna görə tez-tez yanlış diaqnoz olunur.


Epidemiologiya 

PTS nadirdir və orta sinirin bilək səviyyəsində sıxılması olan karpal tunel sindromuna bənzəyir, lakin ona nisbətən nadirdir və buna görə tez-tez yanlış diaqnoz olunur. Kliniki praktikada xeyli az rast gəlinir. Yaş və cinsə görə spesifik üstünlük aşkar olunmamasına baxmayaraq, bəzi tədqiqatlar kişilər arasında daha çox olduğunu göstərir. Təkrarlanan pronasiya hərəkətləri, əzələ hipertrofiyası və ya digər anatomik variantlar sıxılma riskini artıra bilər.


Anatomiya

Pronator teres saidin ön əzələ qrupuna aiddir və pronasiya funksiyasını icra edən iki əzələdən biridir. Orta sinir bu əzələnin humeral və ulnar başlarının arasından keçərək alt qolun aşağısına davam edir. Sinirin sıxılması 5 yerdə baş verə bilər:

  • Suprakondulyar çıxıntı
  • Struthers bağı (Struthers arkadası ilə səhv salınmamalıdır)
  • Lacertus fibrosus
  • Pronator teres əzələsinin humeral və ulnar başlarının arası (ən çox rast gəlinən)
  • FDS (M. flexor digitorum superficialis) aponevrozu 



Patofiziologiya

Orta sinirə mexaniki təzyiqin artması, epinevral və perinevral qan axınının azalmasına və sinir liflərinin demiyelinizasiyasına səbəb olur. Sinirin sıxılması, perinevral qan dövranını azaldaraq mikrovaskulyar işemiyaya gətirib çıxarır. Sinirin qidalanması və oksigenlə təmin olunması azaldıqca, aksion potensialların ötürülmə sürəti də azalır.


Klinika

PTS-da karpal tunel sindromunun bütün əlamətləri olur:

  • Brachialgia paraesthetica - orta sinirin innervasiya sahəsində uyuşma hissi. Karpal tunel sindromundan fərqli olaraq, bunun günün vaxtı ilə əlaqəsi adətən olmur. 
  • Əl və biləkdə narahatlıq və ağırlıq hissi
  • İrəliləmiş vəziyyətdə: baş barmaq əzələlərində zəiflik və atrofiya

Bunlara əlavə olaraq və karpal tunel sindromundan differensiasiya etmək üçün faydalı simptomlar isə bunlardır:

  • Ön qolun orta hissəsində ağrı (biləkdən proksimal)
  • Pronasiya zamanı artan ağrı və uyuşma
  • FPL (flexor pollicis longus) və FDP (flexor digitorum profundus) əzələlərində zəiflik
  • Uyuşmanın həm də Ramus palmaris nervus medianus sinirinin innervasiya sahəsinə yayılması

Diaqnoz

Diagnoz adətən anamnez və kliniki müayinə nəticəsində mümkündür. Elektrofizioloji testlər istifadə oluna bilər, ancaq qeyri-dəqiq olma ehtimalı var. Ən vacibi, karpal tunel sindromu ilə differensial diaqnostikadır. 

  • Diaqnostik testlər:
    • Phalen testi. Karpal tunel sindromundan fərqli olaraq, adətən mənfi olur.
    • Tinel testi. Paresteziya yaratmaq üçün proksimal said nahiyəsi yüngül perkussiya olunur. Rascetta qırışı üzərində isə bu test karpal tuneldən fərqli olaraq mənfi olur.


Müalicə

PTS müalicəsi konservativ və cərrahi üsullarla həyata keçirilə bilər. Müalicə, xəstəliyin şiddətindən və simptomların davam etmə müddətindən asılıdır.

  • Konservativ Müalicə:
    • İstirahət və ortez (ortez pronasiya-supinasiyanın qarşısını almalıdır)
    • Medikamentoz müalicə: QSİƏD və digər ağrıkəsicilər ağrını və iltihabı azaltmaq üçün istifadə edilə bilər.
  • Cərrahi Müalicə:
    • Diaqnozun düzgün qoyulduğu halda konservativ müalicə 3-6 ay ərzində nəticəsiz qalarsa, tətbiq olunur
    • Yuxarıda qeyd olunan bütün 5 səviyyədə cərrahi dekompressiya həyata keçirilir. 

  1. The Prevalence of Pronator Teres among Patients with Carpal Tunnel Syndrome: Cross-sectional Study https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC5080413/
  2. Pronator Teres Syndrome. Marine Dididze; Dawood Tafti; Andrew L. Sherman. https://www.ncbi.nlm.nih.gov/books/NBK526090/
  3. OrthoBullets - Pronator Syndrome https://www.orthobullets.com/hand/6020/pronator-syndrome

0 baxış, 0 bəyənmə 25-12-2025

Dr. med. Toğrul Məmmədli

Plastik cərrahiyyə
Həkim-mütəxəssis

483 baxış, 14 bəyənmə
Qoşulma tarixi: 12-06-2024

000

St. Josefs-Krankenhaus Hagen

Dr. med. Toğrul Məmmədli