Obstruktiv Yuxu Apnesi Sindromu
Yuxu ilə əlaqəli tənəffüs pozuntusu
Tərif
Obstruktiv Yuxu Apnesi Sindromu (Obstructive Sleep Apnea Syndrome, OSAS) — yuxu zamanı udlaq əzələlərinin kollapsı nəticəsində yuxarı tənəffüs yollarının periodik olaraq daralması və ya tam obstruksiyası ilə xarakterizə olunan, ən çox rast gəlinən yuxu-tənəffüs pozuntusudur.
Epidemiologiya
- Cinsiyyət: ♂ > ♀ (2:1)
- Təzahür yaşı: 40 yaşdan sonra rastgəlmə tezliyi artır.
Etiologiya
1. Anatomik Faktorlar
- Üz-çənə strukturunun anomaliyaları: Alt çənənin geridə olması (retroqnatiya) və ya kiçik olması (mikroqnatiya) dilin geriyə getməsinə səbəb olaraq tənəffüs yollarının obstruksiyasına səbəb olur.
- Yuxarı tənəffüs yollarının darlığı: Badamcıqların hiperplaziyası, böyük dil (makroqlossiya)
- Burun çəpəri əyriliyi və burun polipləri
2. Funksional və Nevroloji Faktorlar
- Əzələ tonusunun azalması
- Tənəffüs mərkəzinin qeyri-stabilliyi
3. Risk Faktorları və həyat tərzi
- Piylənmə
- Alkohol və tütün istifadəsi
- Beta-blokatorlar və sedativ preparatlar
- Metabolik sindromlar
Yuxu apnesi sindromu olan pasiyentlərin çoxu piylənmədən əziyyət çəkir!
Klinika
- Yüksək səslə və nizamsız xoruldama (yaxınlarının verdiyi məlumata/anamnezə əsasən)
- Yuxudan (gecə vaxtı) oyanmalar
- Xüsusilə sakit və monoton şəraitdə meydana çıxan güclü gündüz yuxululuğu
- Unutqanlıq və konsentrasiya (diqqət) pozuntusu
- İş qabiliyyətinin azalması
- Depressiv ruh halı
- Libido (cinsi istək) pozuntusu
- Səhər baş ağrıları
Diaqnostika
- Anamnez - həkim xəstənin yuxu rejimini, vərdişlərini, qəbul etdiyi dərmanları və ümumi şikayətlərini ətraflı soruşur
- Epworth Sleepiness Scale (ESS): Epvort Yuxululuq Şkalası
İzah: Bu, xəstənin gündəlik həyatda (məsələn, kitab oxuyarkən, TV izləyərkən) yuxuya getmə ehtimalını 0-dan 3-ə qədər balla qiymətləndirən xüsusi testdir. Toplanmış ballar yuxululuğun dərəcəsini müəyyən edir.
- 24 saatlıq qan təzyiqi monitorinqi (əksər hallarda gecə qan təzyiqinin düşməməsi (Non-Dipper)).
"Non-Dipper" nə deməkdir?
Normalda sağlam insanda gecə yuxu zamanı qan təzyiqi gündüzlə müqayisədə 10-20% azalmalıdır (buna "Dipping" effekti deyilir).
- Hər nəfəs kəsilməsi (apne) zamanı bədən stress keçirir və adrenalin ifraz olunur
- Bu stress nəticəsində təzyiq aşağı düşmək əvəzinə yüksək qalır və ya daha da artır
- Gecə təzyiqi düşməyən bu şəxslərə tibbdə "Non-Dipper" deyilir. Bu, həmin şəxslərdə infarkt və insult riskinin çox yüksək olduğunu göstərən ciddi bir əlamətdir.
Poliqrafiya (Yuxu müayinəsi) – Yuxu zamanı aşağıdakı parametrlərin ölçülməsidir:
Nəfəs axını, tənəffüs fasilələri, qanda oksigenin saturasiyası, ürək döyüntülərinin tezliyi, xoruldama səsləri, eləcə də döş qəfəsi və qarın nahiyəsinin tənəffüs hərəkətləri.
Bu göstəricilər əsasında apne (tənəffüsün tam dayanması), hipopne (tənəffüsün zəifləməsi) və Apne-Hipopne İndeksini (AHİ) müəyyən etmək mümkündür.
AHİ: (Hipopneler + Apnelər) / Yuxu saatı
Diaqnozun qoyulması üçün aşağıdakı şərtlərdən biri ödənilməlidir:
AHİ > 15 / bir saatlıq yuxu
və ya
AHİ > 5 / bir saatlıq yuxu və xəstədə tipik klinik simptomlar (gün ərzində hədsiz yuxululuq, yorğunluq, yuxuda boğulma hissi və ya yüksək arterial təzyiq) müşahidə olunursa
Polisomnoqrafiya (PSQ)
Sadə poliqrafiyadan fərqli olaraq, burada beyin dalğaları və əzələ aktivliyi də izlənilir ki, bu da yuxunun keyfiyyətini tam analiz etməyə imkan verir.
Poliqrafiyada ölçülən parametrlərə əlavə olaraq aşağıdakılar da ölçülür:
Elektroensefaloqrafiya (EEQ) vasitəsilə qabıq (kortikal) potensial dəyişiklikləri:
Bu, beyin dalğalarını qeydə alır
Nəticə: Yuxunun müxtəlif faza və mərhələlərə (yüngül yuxu, dərin yuxu və s.) bölünməsini mümkün edir.
Elektrookuloqrafiya (EOQ) vasitəsilə göz hərəkətləri:
Göz almasının hərəkətlərini izləyir.
Nəticə: REM(sürətli göz hərəkətləri olan faza, adətən yuxugörmələrin baş verdiyi mərhələ) fazasının müəyyən edilməsi üçün vacibdir.
Elektromioqrafiya (EMQ) vasitəsilə əzələ aktivliyi:
Çənə və ya ayaqlara yerləşdirilən sensorlar vasitəsilə ölçülür.
Nəticə: Yuxu zamanı əzələ gərginliyini və ya ayaqlarda qeyri-iradi hərəkətləri (məsələn, "narahat ayaqlar sindromu") aşkar edir.
Elektrokardioqrafiya (EKQ):
Tez-tez (lakin mütləq deyil) tətbiq olunur.
Nəticə: Yuxu zamanı ürək ritmini və tənəffüs dayanmalarının ürəyə olan təsirini izləmək üçündür.
Yuxu Apnesi Sindromunda Klassik Tapıntılar:
- (AHİ > 15)
- Qanda oksigenin saturasiyasının aşağı düşməsi
- Oyanma reaksiyaları
- Yuxunun fraqmentasiyası
Piylənmədən əziyyət çəkən, şəkərli diabeti, qulaqcıqların səyriməsi (aritmiya) və hipertoniyası olan, eyni zamanda xoruldama şikayəti olan pasiyentlərdə yuxu apnesi sindromunu istisna etmək üçün diaqnostika aparılmalıdır.
Müalicə
Ümumi müalicə tədbirləri
- Əsas xəstəliyin müalicəsi (məsələn, burun çəpəri əyriliyinin cərrahi əməliyyatı)
- Çəkinin azaldılması
- Spirtli içki, tütün istifadəsini dayandırması
- Yuxu higiyenası
Qan təzyiqinin tənzimlənməsi:
- Sedativ preparatlar və beta-blokatorların istifadəsini məhdudlaşdırmaq
Konservativ müalicə
- CPAP (Continuous Positive Airway Pressure): Xəstə yatarkən burnuna və ya ağız-burnuna taxılan maska vasitəsilə tənəffüs yollarına davamlı olaraq müsbət təzyiqli hava vurulur. Bu hava təzyiqi "hava şini" rolunu oynayaraq boğazdakı yumşaq toxumaların çökməsinin və nəfəs yolunun bağlanmasının qarşısını alır.
- BIPAP: Əgər xəstə CPAP-ın verdiyi yüksək təzyiqə qarşı nəfəs verməkdə çətinlik çəkirsə, nəfəs alma və vermə zamanı fərqli təzyiqlər tətbiq edən bu cihazlardan istifadə olunur.
Simptomatik obstruktiv yuxu apnesi sindromu zamanı gecə vaxtı tətbiq olunan CPAP terapiyası çox vaxt seçilən əsas müalicə üsuludur. Müalicənin uğurlu olması üçün pasiyentin yüksək dərəcədə müalicəyə sadiqliyi və yuxu müayinələri vasitəsilə terapiyanın müntəzəm monitorinqi tələb olunur!
Ağırlaşmalar
Ağırlaşmanın patomexanizmi:
Hipopne/Apne → pO2↓, pCO2↑ → Obstruktiv Boğulma → Stres hormonları↑ → Arterial təzyiq↑
- Gecə enməsi müşahidə olunmayan ikincili arterial hipertoniya
- Miokard infarktı, insult və qəfil ürək ölümü riskinin artması
- İşemik kardiomiopatiya və ürək çatışmazlığı
- Hipoksiya ilə bağlı ürək ritminin pozulması
- Pulmonal hipertoniya
- Vaskulyar demensiyanın inkişaf riski
- Herold et al.: Innere Medizin. Eigenverlag 2015, ISBN: 978-3-981-46605-8. https://www.livivo.de/app/search/search?ident=amboss&ISBN=%229783981466058%22
- Stuck et al.: Teil-Aktualisierung S3-Leitlinie Schlafbezogene Atmungsstörungen bei ErwachsenenIn: Somnologie. Band: 24, Nummer: 3, 2020, doi: 10.1007/s11818-020-00257-6p.176-208. https://www.livivo.de/app/search/search?ident=amboss&DOI=%2210.1007/s11818-020-00257-6%22
- Avidan, Barkoukis: Review of Sleep Medicine. Elsevier 2011, ISBN: 1-455-70319-2. https://www.livivo.de/app/search/search?ident=amboss&ISBN=%221455703192%22
- Herold: Innere Medizin 2019. Herold 2018, ISBN: 978-3-981-46608-9. https://www.livivo.de/app/search/search?ident=amboss&ISBN=%229783981466089%22
- DGSM: S3-Leitlinie Nicht erholsamer Schlaf/Schlafstörungen – Kapitel „Schlafbezogene Atmungsstörungen“In: Somnologie. Band: 20, Nummer: S2, 2016, doi: 10.1007/s11818-016-0093-1p.97-180. https://www.livivo.de/app/search/search?ident=amboss&DOI=%2210.1007/s11818-016-0093-1%22
0 baxış, 0 bəyənmə 29-04-2026