Məlumatlı razılıq
Pasiyentin tibbi prosedura məlumatlandırılmış şəkildə razılıq verdiyini ifadə edən etik və huquqi konsepsiya
Tərif
Tibbdə məlumatlı razılığın əldə edilməsi, pasiyentin tibbi müdaxiləyə başlamazdan əvvəl prosesin təbiəti, məqsədləri, riskləri, faydaları və alternativ seçimləri haqqında məlumatlandırılması və onların üstünlüklərinin müəyyənləşdirməsi prosesini əhatə edən əsas etik və hüquqi tələblərdən biridir. Bu, pasiyentin məlumatlı qərar qəbul etmək hüququna hörmətin təzahürüdür. Razılıq, sənəddə sadəcə bir imza deyil, təbib ilə pasiyent arasında ünsiyyət və rabitə prosesidir.
Prinsiplər
Məlumatlı razılığın əsas komponentləri aşağıdakılardır:
- Məlumatın verilməsi
- Tibb mütəxəssisi pasiyentə prosedurun məqsədi, gözlənilən faydalar, mümkün risklər, alternativ müalicələr və müalicənin edilmədiyi təqdirdə nəticələri haqqında dolğun məlumat verməlidir.
- Anlama:
- Pasiyent təqdim olunan məlumatı başa düşməlidir. Bu məqsədlə məlumat sadə və aydın bir dildə izah edilməlidir.
- Könüllülük:
- Pasiyentin qərarı heç bir təzyiq və ya məcburiyyət olmadan sərbəst şəkildə verilməlidir.
- Qabiliyyət:
- Pasiyent qərar vermək üçün lazımi zehni və hüquqi qabiliyyətə malik olmalıdır. Bu qabiliyyət yoxdursa, onun əvəzinə qanuni nümayəndəsi qərar verməlidir.
- Razılıq:
- Pasiyent məlumatlandırılmadan sonra prosedura razılığını şifahi və ya yazılı şəkildə bildirməlidir. Daha invaziv və riskli prosedurlar, məsələn cərrahi əməliyyatlar üçün yazılı razılıq tələb olunur.
Tarix
20-ci əsrin əvvəlinədək həkimlər qərarları, adətən pasiyentin iştirakı olmadan verirdilər. Tədricən insan hüquqlarının tanınması prosesində məlumatlı razılıq konsepsiyası da öz əksini tapdı. Dünyada bir ilk olaraq 1914-cü ildəki Schloendorff məhkəməsini qeyd etmək lazımdır. Hakimin qərarında bu gün də aktual olan prinsiplər əksini tapmışdı: "Yetkin yaşa çatmış və sağlam ağıl sahibi olan hər bir insanın öz bədəni ilə nə ediləcəyini müəyyən etmək haqqı vardır; xəstəsinin razılığı olmadan əməliyyat edən cərrah zorakılıq tətbiq edir və vurulan zərərə görə məsuliyyət daşıyır." İkinci dünya müharibəsindən sonra pasiyentlərlə qeyri-etik davranışın qarşısını almaq üçün Nürnberq kodeksi (1947) və Helsinki Bəyannaməsi (1964) məlumatlı razılığı bir təməl etik standart kimi təsdiqlədi.
Qanunvericilik
Etik baxımdan məlumatlı razılıq pasiyentin şəxsi muxtariyyətinə hörmət və etibarın təzahürü olmaqla bərabər, hüquqi baxımdan o, tibb işçilərini hüquqi müstəvidə qoruyan vacib amildir. Aşağıda məlumatlı razılığın seçilmiş ölkələrin hüquqi sənədlərində yer alması və xüsusiyyətləri haqda bəhs olunur.
Birləşmiş Krallıq
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında məlumatlı razılığın aspektləri əsasən Zehni Qabiliyyət Aktı (Mental Capacity Act, 2005) ilə idarə olunur. Bir çox digər qanunvericilikdən fərqli olaraq, bu ölkədə 18 yaşına çatmamış şəxslərə də sağlamlıqları ilə bağlı qərar və razılıq hüququ verilir. Əgər əksinə dəlil yoxdursa, 16 və ya 17 yaşlı yeniyetmələrin öz tibbi müalicələri barədə qərar vermək üçün kifayət qədər qabiliyyətə malik olduğu güman edilir. Habelə, 16 yaşdan kiçik uşaqlar da, əgər müalicənin mahiyyətini qavramaq üçün kifayət qədər intellekt və səriştəyə malik olduqları hesab edilirsə, öz müalicələrinə razılıq verə bilərlər. Buna, Gillick qabiliyyəti (Gillick competence) deyilir.
Almaniya
Məlumatlı razılığa dair tələblər əsasən Almaniya Federativ Respublikasının mülki məcəlləsində (Bürgerliches Gesetzbuch (BGB), §630d-e) yer alır. Burada növbəti müddəalar var:
- İzahat müalicə edən və ya həmin prosedurda təcrübəli bir şəxs tərəfindən şifahi şəkildə verilməlidir; bu izahata əlavə olaraq yazılı sənəd də əlavə oluna bilər.
- İzahat elə zaman çərçivəsində verilməlidir ki, pasiyentin düşünməyə kifayət qədər vaxtı olsun.
- İzahat pasiyent üçün başa düşülən olmalıdır.
- Pasiyentə razılıq verdiyi sənədin surəti təqdim edilməlidir.
- Yuxarıdakılara xüsusi hallarda istisna mümkündür, xüsusilə tədbir təxirəsalınmazdırsa və ya xəstə geniş izahatdan açıq şəkildə imtina edibsə.
Prosedurun təcililiyi ilə izahata olan tələblər tərs mütənasiblik təşkil edir. Təcili olmayan prosedurlar üçün izahat, ən az 24 saat əvvəl və ideal olaraq bir neçə dəfə baş tutmalıdır. Ən dolğun məlumat estetik, yəni tibbi göstərişi olmayan əməliyyatlardan öncə həyata keçirilməlidir. Almaniya qanunvericiliyində pasiyentin suverenliyinə xüsusi önəm verilir. Pasiyentdən icazəsiz onun səhhəti haqda həssas məlumatı ən yaxın qohumları ilə belə paylaşmaq həkim sirrinin pozulması sayılır.
Almaniyada yüzlərlə prosedur və əməliyyat üçün və Thieme mətbəəsi tərəfindən hazırlanmış "izahat forması" geniş istifadə olunur.
Azərbaycan
Məlumatlı razılıq, "Əhalinin sağlamlığının qorunması haqqında 26 iyun 1997-ci il Azərbaycan Respublikasının qanunu" ilə tənzimlənir. Bu sənəddə tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək daxildir:
- "Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir."
Bundan əlavə, həmin qanundakı növbəti müddəa gözə çarpır və onun son cümləsi, məsələn, Qərb ölkələrində qəbul olunmuş qaydalarla ziddiyyət təşkil edir.
- "Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir. Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər".
Razılıq formalarının məzmunu əsasən hər klinikanın öz səlahiyyətindədir. Hal-hazırda ancaq orqan donorluğu və tədqiqatda iştirak üçün razılıq formaları ölkə üzrə standart şəkildə təsdiq olunmuşdur (fevral 2025).
Problem doğura biləcək məsələlər
- Anlama çatışmazlığı
- İzahat pasiyent üçün aydın şəkildə və onun dünyagörüşünə və təhsil səviyyəsinə uyğun verilməlidir. Söhbətin mümkün qədər interaktiv olması vacibdir. Anlaşmada əmin olmaq üçün pasiyentdən prosedur və onun riskləri barədə nə qədər məlumatlı olmasını aktiv şəkildə və həssaslıqla sorğulamaq xeyirlidir.
- Dil maneəsi.
- Belə halda, xüsusən planlaşdırılan prosedur elektivdirsə, tərcüməçi tələb etmək lazımdır.
- Mentalitet fərqləri.
- Həkim qarşıdakı pasiyentin və yaxınlarının dini, mədəni və sosial fərqlərinə qarşı həssas olmalıdır. Məsələn, son qərar pasiyent tərəfindən individual olaraq deyil, bütün ailə məsləhətləşəndən sonra və ya ailədə avtoritet sahibi tərəfindən verilə bilər.
Xüsusi Hallar
- Təcili vəziyyətlər
- Pasiyentin həyatı və ya sağlamlığı təhlükə altında olduğu və razılıq verə bilmədiyi hallarda "güman edilən razılıq" prinsipinə riayət olunur.
- Xüsusi "Xəstə vəsiyyətnaməsi"-nin mövcudluğu çətin hallarda həkim və yaxınlara qərar verməkdə kömək edə bilər.
- Tədqiqatlar
- Klinik araşdırmalarda iştirak üçün, əsasən, Helsinki Bəyannaməsində əlavə etik qaydalara və prosedurlara riayət olunmalıdır.
12 baxış, 1 bəyənmə 02-02-2025