Mustafa bəy Topçubaşov
Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi, Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri
Həyatı və təhsili
Mustafa Ağabəy oğlu Topçubaşov 1895-ci il avqustun 17-də İrəvan Quberniyasının Göykümbət kəndində (1949-cu ildən etibarən Ermənistanın Geğanist kəndi) anadan olmuşdur.
1904-cü ildə ibtidai təhsilini başa vurduqdan sonra gimnaziyaya daxil olmuşdur. 1914-cü ildə İrəvan kişi gimnaziyasını bitirmişdir. Mustafa bəy ali təhsillini Kiyevdə, universitetin tibb fakültəsində davam etdirmişdir.
Azərbaycanın ilk qadın rəssamlarından Reyhan xanım Topçubaşova ilə ailə həyatı qurmuş, ailənin üç övladı dünyaya gəlmişdir.
Əmək fəaliyyəti
1919-cu ildə təhsilini başa vuran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edir. 1920–1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator, 1923–1930-cu illərdə fakültə cərrahlığı klinikasında assisent işləmişdir. 1930-cu ildə "Malariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu işin əhəmiyyətinə görə M. Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri seçilir.
M. Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu — injeksion efir-yağ narkozunu — analgeziya üsulunu kəşf etmişdir. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verilmişdir.
Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. O, SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olmuşdur. 1945–1950 illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olmuş Mustafa bəy 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilmişdir. 1945–1948-ci illərdə Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışmış, müxtəlif dövrlərdə iki dəfə (1951–1956 və 1969–1981) Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşımışdır.
1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil etmişdir. Əməkdar elm xadimi adını hələ 1940-cı ildə almışdır. 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilmişdir. O, 1943-cü ildə Stalin mükafatı laureatı olmuş və 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülmüşdür.
1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat etmişdir.
Onun rəhbərliyi altında 35 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir.
Əsərləri
M. Topçubaşov 200-dən artıq elmi işin, o cümlədən 5 cildlik "Xüsusi cərrahiyyə" əsərinin, 7 monoqrafiyanın, kəşf və ixtiraların müəllifi olmuşdur.
Xatirəsi və irsi
Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq akademik Mustafa Topçubaşovun anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında 31 iyul 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sərəncam vermişdir.
Bakı şəhərindəki "Elmi Cərrahiyyə Mərkəzi" M. A. Topçubaşovun adını daşıyır.
Rejissor Yalçın Əfəndiyev "Mustafa Topçubaşov. Əsrin fonunda portret" adlı sənədli filmini ərsəyə gətirmişdir.
Təltif və mükafatları
Sosialist Əməyi Qəhrəmanı — 4 avqust 1975 ("Lenin" ordeni və "Oraq və Çəkic" medalı)
"Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 23 aprel 1940
"Stalin" mükafatı (2-ci dərəcə) — 22 mart 1943
4 dəfə "Lenin" ordeni — 4 noyabr 1944, 6 noyabr 1951, 4 sentyabr 1954, 4 avqust 1975
"Oktyabr inqilabı" ordeni — 20 iyul 1971
"Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946
"Qırmızı Ulduz" ordeni — 3 mart 1942
"Şərəf nişanı" ordeni — 27 yanvar 1936;
Bundan başqa,
Bolqarıstanın III dərəcəli "Kirill və Mefodiy" ordeni
"SSRİ sanitar müdafiəsi" ordeni və "SSRİ sanitar müdafiəsi əlaçısı" döş nişanına layiq görülmüşdür.
- Əsgər Zeynalov. "İrəvan ziyalıları". Bakı. "Oğuz eli", 1999. səh.154
- https://science.gov.az/az/forms/osnovateli-nana/2629
- https://azmedicinemuseum.az/tibb-muzeyi-gorkemli-sexslert/mustafa-topcubasov-az/stinadlar bura yazin
- Some problems of anesthesia produced by ether-oil injections, Topchibashev, M.A., Khirurgiia 8: 37-42, 1947 -https://eurekamag.com/research/055/851/055851052.php
- Ether Oil Injection Method of Treatment of Biliary Lithiasis. Topchibashev, M. A. https://journals.lww.com/anesthesia-analgesia/citation/1941/01001/ether_oil_injection_method_of_treatment_of_biliary.2.aspx
8 baxış, 0 bəyənmə 07-12-2024