Meningioma
Beyni və onurğa beynini örtən qişaların arasındakı təbəqədən inkişaf edən şiş
Ümumi Məlumat
Meningioma beyni örtən 3 qişadan biri olan araxnoid qişadan əmələ gəlir. Beyində və ya onurğa beynində müxtəlif yerlərdə yaranıb, beyin və ya onurğa beyni toxumasına təzyiq göstərə bilər. Meningiomaların əksəriyyəti xoşxassəli olur, lakin bəziləri bədxassəli və ya atipik ola bilər.
Meningiomalar araxnoid hüceyrələrin olduğu hər yerdə (beyin və kəllə arasında, mədəciklərdə, intraorbital və onurğa beyni boyunca) inkişaf edə bilər. Ektopik meningiomalar kəllə sümüyünün içərisində (birincili sümükdaxili meningiomalar), digərləri isə kəllə ilə heç bir əlaqəsi olmayan dərialtı toxumada əmələ gələ bilərlər.
Etimologiya
"Meningioma" termini yunan mənşəli sözlərdən götürülmüşdür:
- "Meninges" (Yunanca "μήνιγξ" – "mēninx") – beyni və onurğa beynini örtən üç qişadan biridir.
- "-oma" (Yunanca "ὄμμα" – "şiş") – şiş deməkdir.
Başqa dillərdə: Meningioma (L), Meningioma (EN), Meningiom/Menenjiom (TR), Менингиома (RU), Meningeom (DE)
Təsnifat
Meningiomalar arasında müxtəlif histoloji morfologiya mövcuddur və ümumi olaraq 15 alt növə ayrılırlar.
- Ən çox yayılan meningotelial, lifli (fibrous) və keçid (transitional) növlərdir. Aqressivlik hər bir növdə fərqli ola bilər, lakin Ümümdünya Səhiyyə Təşkilatı Mərkəzi Sinir Sistemi (WHO CNC5) 2021 təsnifatına görə onların əksəriyyəti xoşxassəli, 1-ci dərəcəlidir.
- Daha yüksək residiv (təkrarlama) nisbətinə görə xordoid (chordoid) və şəffaf hüceyrəli (clear cell) növlər 2-ci dərəcəli sayılır.
- Rabdoid (rhabdoid) meningiomalar hamısı deyil, əksəriyyəti 3-cü dərəcəli hesab olunur.
- Anaplastik (bədxassəli) meningiomalar tez-tez geniş nekroz və beyin parenximal invaziya potensialı nümayiş etdirir. Meningiomaların 1-3%-ni təşkil edir.
Əlamətlər
Meningioma əlamətləri şişin yerləşdiyi yer və böyüklüyünə görə dəyişə bilər.
Əsas əlamətlər aşağıdakılardır:
- Baş ağrısı: Davamlı və artan xarakterdə.
- Qıcolmalar: Epileptik tutmalar.
- Görmə problemləri: İkiqat görmə, bulanıq görmə və ya görmə itkisi.
- Huşun itirilməsi və ya qarışıqlıq: Şüur səviyyəsində dəyişikliklər.
- Zəiflik və ya iflic: Bədənin bir tərəfində zəiflik və ya iflic (hemiparez).
- Nitq problemləri: Nitqdə çətinlik və ya anlaşılmaz danışıq.
- Eşitmə itkisi və ya qulada küy.
- Yaddaş problemləri.
Diaqnoz
Meningiomanın diaqnozu üçün istifadə olunan əsas metodlar:
- Kompüter tomoqrafiyası (KT): MR çəkilişinə əks-göstəriş olduqda və ya şişlərdəki kalsifikasiyanın olub-olmamasını müəyyən etmək üçün istifadə olunur.
- Maqnit rezonans tomoqrafiya (MRT): Şişin dəqiq yerini və ölçüsünü, eləcə də ətraf toxumalar ilə olan əlaqəsini göstərir, daha ətraflı görüntülər təmin edir (Şəkil).
KT və MRT’də xarakterik tapıntılar.
1. Sərt qişaya geniş əsaslı birləşmə (broad base of attachment to the meninges)
2. Dural quyruq: şişin sərt qişaya (dura mater) birləşdiyi yerdə sərt qişa boyunca genişlənmənin artırılması (Bu patoqnomonik deyil və pleomorf ksantoastrositoma (PXA), Rosai-Dorfman xəstəliyi, plazmositoma və s. kimi bir çox şəraitdə daha az tezliklə də baş verə bilər). Dural quyruq özü şişdən, reaktiv fibrovaskular toxumadan və yalnız ≈ 1/3 halda, sərt qişanın şiş hüceyrələri ilə infiltrasiyasından ibarət ola bilər.
3. Bitişik sümüyün hiperostozu (və ya bəzən qabarma) meningioma üçün çox göstəricidir. Adətən, KT-də MRT-dan daha yaxşı görünür.
4. Bitişik beyin ödemi minimal ola bilər və ya bəzi meningioma alt növlərində (sekretor, angiomatoz/mikrokistik, limfoplazmasitik-zəngin və yüksək dərəcəli meningiomalar) xüsusilə diqqətəlayiq ola bilər. Əhəmiyyətli ödem cərrahi eksiziyaya göstəriş kimi qəbul edilə bilər. İntraventrikular meningiomalar: 50%-i ekstraventrikular ödem yaradır.
5. Güclənmə (enhancement): meningiomalar adətən sıx və vahid şəkildə güclənir, lakin kistik sahələr və/və ya kalsifikasiyalı sahələr güclənməyə bilər.
Şəkil. Olfaktor çuxur meningioması. Koronar MRT'də meningiomanın kontrast maddə tutduğu görülür.
Angioqrafiya: Şişin damarlarla əlaqəsini və nə dərəcədə damarlar ilə qidalandığını (vaskularizasiya) müəyyən etmək üçün istifadə edilə bilər.
Klassik olaraq arterial fazada erkən görünür, qızarma venoz fazadan sonra da davam edir ("erkən gəlir, gec gedir"). Xarakterik uzun müddət homogen şiş qızarması diaqnozun təsdiqlənməsinə də kömək edə bilər.
Meningiomalar üçün xarici yuxu arteriyasında qidalanma xarakterikdir. ICA-dan (daxili yuxu arteriya) qidalanan bəzi əlamətdar istisnalar (olfaktor çuxur, suprasellar, parasellar və petroklival meningiomalarda) mövcuddur.
Angioqrafiya, dural venoz sinusların tıxanması haqqında da məlumat verir, xüsusilə parasagittal/falks meningiomaları üçün (bu, MRT-dən daha dəqiq ola bilər). Superior sagittal sinusun (SSS) açıqlığını qiymətləndirmək üçün əyri (oblique) baxışlar çox vaxt ən yaxşısıdır. Angioqrafiya həm də əməliyyatdan əvvəl embolizasiya (şişi qidalandıran damarın tıxanması) üçün bir imkan yaradır.
Müalicə
Meningiomanın müalicəsi şişin ölçüsünə, yerləşdiyi yerə və xəstənin ümumi sağlamlıq vəziyyətinə bağlı olaraq dəyişir:
- İzləmə və müşahidə:
- Kiçik və asimptomatik meningiomalar: şişin ölçüsü və böyümə sürəti izlənir və müntəzəm görüntüləmə ilə müşahidə edilir.
- Cərrahi müdaxilə:
- Kraniotomiya: Şişin tamamilə çıxarılması üçün kəllə sümüyü açılır. Bu, meningiomaların müalicəsində ən çox istifadə edilən üsuldur.
- Radioterapiya və ya Qammabıçaq Radiocərrahiyyə (Gammaknife):
- Kiçik və ya cərrahi müdaxilə edilməyən meningiomalar: Şiş hüceyrələrini öldürmək və ya şişin böyüməsini dayandırmaq üçün istifadə edilir.
- Dərman müalicəsi:
- Antikonvulsantlar: qıcolmaların qarşısını almaq üçün.
- Analgetiklər: ağrıları azaltmaq üçün.
- Reabilitasiya:
- Müalicədən sonra xəstələr üçün fiziki terapiya, iş terapiyası və nitq terapiyası daxil olmaqla reabilitasiya vacibdir.
Meningiomanın müalicəsi fərdi olaraq təyin edilir. Erkən diaqnoz və müalicə nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
- Greenberg, M. S. (2023). Meningiomas (Intracranial). In Handbook of Neurosurgery (10th ed.).
25 baxış, 0 bəyənmə 11-08-2024