Dəmir defisitli anemiya

Mikrositar, hipoxrom anemiya

DDA dünya əhalisi arasında yayılma nisbətinə görə bütün anemiyalar arasında birinci yeri tutur. Orqanizmdə dəmirin ümumi miqdarı qadınlarda 2q, kişilərdə isə 6q-dır.Bunun 60-65%-i hemoqlobinin tərkibindəki dəmir, qalanı (30-40%) isə ehtiyat fonda olan qaraciyərdə, dalaqda, sümük iliyində və əzələlərdə toplanan ferritin və hemosiderinin tərkibindəki dəmirdir. 


Etiopatogenez

Dəmir çatışmazlığının əsas səbəbləri bunlardır:

 1. Qidada dəmirin azlığı

 2. Malabsorbsiya (sorulmanın pozulması)

 3. Dəmirə tələbatın artması

 4. Xroniki qan itkisi (ən çox rast gəlinən səbəb)


Dəmir defisitli anemiyanın yaranma riski daha çox reproduktiv yaşda olan qadınlarda, uşaqlarda və sürətli böyümə dövründə olan yeniyetmələrdə yüksəkdir.

İnkişaf etmiş ölkələrdə qida ilə bağlı dəmir çatışmazlığı nadir hallarda rast gəlinir. Dəmirin təxminən 65%-i ət məhsullarında olub, yaxşı sorulan hem formasındadır. İnkişaf etməkdə olan ölkələrdə isə dəmir əsasən bitki mənşəli qidalarda olur və zəif sorulan qeyri-hem formadadır.

Qidada dəmir çatışmazlığı daha çox aşağıdakı qruplarda müşahidə edilir:

 • Südəmər körpələr (ana südündə dəmir azdır)

 • Kifayət qədər qidalanmayan şəxslər

 • Az ət qəbul edən yaşlı insanlar


Qeyri-hem dəmirin sorulmasını askorbin turşusu və bəzi digər maddələr artırır, taninlər, fosfatlar və oksalatlar isə azaldır.

Dəmirə tələbatın artması uşaqlarda, yeniyetmələrdə, hamiləlik və premenopauza dövründə olan qadınlarda mühüm rol oynayır.

Xroniki qan itkisi (mədə-bağırsaq qanaxmaları, uşaqlıq qanaxmaları, şişlər, donorluq, hemodializ və s.) dəmir çatışmazlığının ən geniş yayılmış səbəblərindəndir. Bəzən səbəbi bilinməyən anemiya gizli qanaxma və ya şişin göstəricisi ola bilər.

Nadir hallarda səbəb transferrin sintezinin anadangəlmə pozulması (atransferrinemiya) olur.


Klinik əlamətlər

Dəmir defisitli anemiyada ümumi anemiya əlamətləri ilə yanaşı aşağıdakılar müşahidə olunur:

  • Tez yorulma, halsızlıq
  • Baş ağrıları
  • Mavi sklera
  • Koylonixiya (dırnaqların qaşıqvari forması)
  • Alopesiya (saç tökülməsi)
  • Selikli qişaların atrofiyası
  • Pika (qeyri-adi maddələr yemək istəyi)
  • Plammer–Vinson sindromu (mikrositar anemiya + atrofik qlossit + ezofaqusun zədələnməsi)


Dəmir çatışmazlığı zamanı orqanizmdə dəmirə olan ehtiyac ilə onun qəbulu arasında disbalans yaranır. İlk növbədə dəmir depoları (ferritin) azalır, daha sonra serum dəmiri, ardından fermentlərdə olan dəmir və nəhayət hemoglobin sintezi üçün lazım olan dəmir azalır. Bu proseslə paralel olaraq hepsidin səviyyəsi də aşağı düşür.

Qeyd etmək vacibdir ki, xəstədə dəmir defisitinin aşkar olunması diaqnostikanın yalnız başlanğıcıdır — əsas səbəb mütləq araşdırılmalıdır.


Laborator diaqnostika

Diaqnostika mərhələlərlə aparılır:

1. Ümumi qan analizi

Dəmir defisitli anemiya (DDA) hipoxrom və mikrositar anemiya kimi xarakterizə olunur.

Əsas göstəricilər:

 • Hemoglobinin azalması (Hb < 98 g/L)

 • Hematokritin azalması

 • Eritrosit indekslərinin azalması (MCV, MCH, MCHC)

 • Mikrositoz və anizositoz, RDW artması

 • Retikulositlər normal və ya az

 • Leykositlər adətən normal, bəzən leykopeniyaya meyl

 • Trombositlər çox vaxt normal, bəzən arta bilər


2. Qan yaxması

 • Hipoxromiya (eritrositlərin mərkəzi solğunluğu)

 • Mikrositlər, ovalositlər

 • Ağır hallarda anulositlər və hədəfəbənzər eritrositlər


3. Biokimyəvi analiz

Dəmir çatışmazlığını təsdiqləmək üçün vacibdir:

 • Serum dəmirinin azalması

 • Ferritinin azalması (ən vacib göstərici)

 • TDBQ və LDBQ artması

 • Transferrinin doyma faizinin azalması

 • hTFR artması

 • Hepsidinin azalması

Qeyd: Ferritin kəskin faza zülalıdır, iltihab zamanı yalancı olaraq arta bilər.


4. Sümük iliyi müayinəsi

Adətən lazım olmur. Yalnız:

 • Müalicəyə cavab olmadıqda

 • Trombositopeniya və leykopeniya olduqda aparılır


Əlavə müayinələr (səbəbi tapmaq üçün)

Dəmir çatışmazlığının səbəbini müəyyən etmək üçün fərdi yanaşma tələb olunur:

 • Mədə-bağırsaq sisteminin müayinəsi (FEQDS, kolonoskopiya)

 • Nəcisdə gizli qanın təyini

 • Qadınlarda menstrual qan itkisi qiymətləndirilməsi

 • Parazitar invaziyaların araşdırılması

 • Sidik analizi və s.


Müalicə

  • Əgər qanaxma varsa, dayandırılmalıdır.
  • Oral dəmir preparatları (Fe qlükonat, Fe sulfat )
  • Parenteral dəmir preparatları ( Fe karboksimaltoz, Ferrik sukoz )

  1. Patoloji fiziologiya, dərslik.
  2. Mayoclinic
  3. American Society of Hematology 

1 baxış, 0 bəyənmə 06-04-2026

Məhinbanu Kazımova

5-ci kurs
Tələbə

75 baxış, 1 bəyənmə
Qoşulma tarixi: 28-09-2024

- Məhinbanu Kazımova