Diş əti (gingiva)
Ağız boşluğu selikli qişasının bir hissəsi
Tərif
Diş əti, ağız boşluğunun selikli qişasının buynuzlaşan epiteldən təşkil olunmuş bir hissəsidir. Normada parodontun yeganə görünən hissəsidir.
Anatomiya
Ağız boşluğunun selikli qişası (oral mukoza), dodağın dərisindən yumşaq damağa və udlaq toxumalarına qədər hissəni təşkil edir.Oral mukoza 3 hissədən ibarətdir:sərt damaq və diş ətindən ibarət çeynəmə mukozası (masticatory mucosa), dilin dorsal (üst) səthini örtən xüsusiləşmiş mukoza (specialized mucosa) və digər hissələri əhatə edən örtücü mukoza (lining mucosa).
Diş əti ağız boşluğu selikli qişasının bir hissəsi olub buynuzlaşan epitellə örtülmüşdür. O dalğavari formada diş əti kənarından başlayır və mukogingival birləşmə nahiyyəsində bitir. Gingiva lamina propria adı verilən epitel təbəqəsi və altındakı toxumalardan ibarətdir. Bu toxumalar dişin boyun nahiyyəsini və alveol sümüyünü əhatə edir. Normada sağlam diş əti açıq-çəhrayı rəngdə olur və apikal istiqamətdə davam edən ,tünd qırmızı rəngdə örtücü mukozadan asanlıqla seçilir.
Diş əti birləşmə tipinə görə 2 növə ayrılır: sərbəst diş əti və birləşmiş diş əti. Sərbəst diş əti əng və çənədəki dişləri vestibulyar və oral səthlərdən əhatə edir. İnsanların təqribən 3də 1-ində sərbəst diş ətini birləşmiş hissədən ayıran diş əti çuxuru (free gingival groove) vardır. Bu çuxur ən çox çənənin kəsici və kiçik azı dişlərinin vestibulyar, ən az isə çənənin molyar və əngin premolyarlarında rast gəlinir.
Qonşu dişlərin arasında sərbəst diş ətinin bir hissəsi olan dişarası hissə və ya diş əti məməciyi (interdental gingiva / the interdental papilla) yerləşir. Onun forması dişlər arasındakı kontakt səthə uyğundur. Frontal dişlərdə o piramida formalı, molyar dişlərdə isə bukkolinqual istiqamətdə düzləşmiş formadadır.
Diş əti məməciyinin müxtəlif dişlər nahiyəsində formaları
Birləşmiş diş əti apikal istiqamətdə mukogingival birləşməyə qədər davam edib, sonra örtücü (lining) mukozaya keçir. 40 faiz insanda, bu hissədə “portağal qabığına” bənzəyən kiçik “batıqlıqlar” olur. Buna stiplinq (stippling) deyilir. Bəzi alimlərin fikrincə stiplinqin itməsi iltihabi xəstəliklərin klinikaönü vəziyyəti hesab oluna bilər. Birləşmiş diş əti , alveol sümüyü və diş sementinə birləşdirici toxumadan ibarət bağlarla bağlamışdır. Birləşmiş diş ətinin eni yaşdan və hansı diş ətrafında olmağından asılı olaraq 1-9mm arasında dəyişir. Mukogingival birləşmə hissəsi isə həyat boyu demək olar ki sabit qalır.
"Stiplinq"
Yaşdan asılı olaraq müxtəlif dişlərin ətrafındakı birləşmiş diş ətinin eni.
Histologiya
Diş əti çoxqatlı yastı epitel və selikli qişanın xüsusi lövhəsindən ibarətdir. Diş ətində selikaltı əsas və vəzilər olmur.Çoxqatlı yastı epitel normada buynuzlaşır və buynuzlaşan hüceyrələrin differensasiyasına görə 4 qata ayrılır:
- Bazal qat (stratum basale / stratum germinativum)
- Tikanabənzər qat (stratum spinosum)
- Dənəli qat (stratum granulosum)
- Buynuz qat (stratum corneum)
Bazal qatda silindrik və ya kubabənzər hüceyrələr olur. Bu hüceyrələr bazal membranla əlaqədədirlər və epiteli yumşaq birləşdirici toxumadan ayırırlar. Bazal qat hüceyrələri yüksək mitotik aktivliyə malikdirlər (yaxşı bölünmə qabiliyyətləri var). Bu hüceyrələrdə 1-2 nüvəcik, yaxşı inkişaf etmiş orqanoidlər və çoxsaylı ara filamentlər vardır.
Tikanabənzər qat, yaxşı inkişaf etmiş orqanoidli, böyük ölçülü 10-20 lay hüceyrədən ibarətdir. Buradakı hüceyrələr bir-biriləri ilə tonofilament dəstələrindən ibarət desmosomların köməyi ilə birləşir. Desmosomlar simmetrik 2 hemidesmosomdan əmələ gəlir.Hemidesmosomların hərəsi fərqli hüceyrələrdə yerləşir. Hemidesmosomların arasında qranulyasiya maddəsi (granulated material) vardır. Əlavə olaraq desmosomlarda iki bitişik hüceyrə membranlarının xarici təbəqəsi (outer leafet), hüceyrə membranlarının daxili təbəqəsi (inner leafets), birləşdirici təbəqə (attachment plaque) mövcuddur.
Tikanabənzər qatda həmçinin neytral qlikozaminqlikanlar (qlikogen) vardır. Qlikogen miqdarı ilə buynuzlaşma dərəcəsi arasında tərs mütənasib asılılıq vardır. Sağlam epiteldə qlikogen az miqdarda olur, iltihab zamanı isə buynuzlaşma baş vermir və qlikogen artır.
Oxlarla desmosomlar göstərilmişdir.
Buynuz qat səthdə yerləşir, orqanel və nüvəsiz keratin filamentləri ilə dolu buynuzlaşmış hüceyrələrdən ibarətdir.
Çoxqatlı yastı epitel tərkibində qeyri-epitelial hüceyrələr də mövcuddur:
• Melanositlər
• Langerhans hüceyrələri
• Merkel hüceyrələri
• Limfositlər
Langerhans hüceyrələri oral mukozada müdafiə və immunitetdə rol oynayır.
Merkel hüceyrələri taktil hissiyatını qəbul edən mexanoreseptorlardır.
Melanositlər melanin piqmenti hasil edir. Bu hüceyrələr bəzən ağız boşluğunda piqmentasiya yaradır. Çox zaman bu piqmentasiyanın kliniki simptomları olmur.
Məməcikli qat qan damarları və sinirlərlə zəngin kövşək birləşdirici toxumadır.
Torlu qat tərkibində çoxlu kollagen liflər olan sıx birləşdirici toxumadan ibarətdir. Burada həmçinin elastik liflər də vardır.
Diş ətinin birləşdirici toxumasının təqribən 60%-i kollagen bağlardan, 5%-i fibroblastlardan, təqribən 35 %-i də damarlar və sinirlərdən ibarətdir.
Birləşdirici toxumada müxtəlif növ hüceyrələr vardır. Bunlara fibroblastlar, mastositlər (və ya labrositlər), makrofaqlar və iltihabi hüceyrələr aiddir.
Fibroblastlar birləşdirici toxumada olan bağların əsas tərkib hissəsidir. Bu hüceyrələr mil formalı olub, oval formalı bir və ya bir neçə nüvəyə malik olur. Sitoplazmasında yaxşı inkişaf etmiş endoplazmatik retikulum və ribosomlar vardır. Holci kompleksi böyük ölçüdədir və çoxsaylı mitoxondriyə sahibdir.
Mastositlər matriks yaratma xüsusiyyətinə sahibdir. Bu hüceyrələr həmçinin vazoaktiv maddələr ifraz edir ki, bu da diş ətinin mikrovaskulyar sisteminə xüsusi təsir edir.Yaxşı inkişaf etmiş Holci kompleksi və endoplazmatik retikuluma sahibdir.
Makrofaqların çoxsaylı faqositik və sintetik xüsusiyyətləri var. Onlar immunitetdə çox vacib rol oynayır.
İltihabi hüceyrələrə neytrofil qranulositlər, limfositlər və plazmatik hüceyrələr aiddir.
Birləşdirici toxumada həmçinin çoxlu sayda bağlar (ingiliscə:fibers) vardır.Bu bağları fibroblastlar yaradır və bu növləri vardır: kollagen bağlar, retikulyar bağlar, oksitalan bağlar və elastik bağlar.
Retikulyar bağlar, epitel-birləşdirici toxuma və endotel-birləşdirici toxuma birləşmələrində çox rast gəlinir. Bu bağların həmçinin argirofil boyanma xüsusiyyəti vardır (şəkildə oxlarla göstərilmişdir).
Oksitalan bağlar periodontal bağlar hissəsində çoxsaylı olsa da, diş ətində az saydadır.Bu liflər elastik təbiətli olub, əsasən təzyiqin qəbulunda iştirak edir.
- Sirkulyar liflər (sərbəst diş ətində halqa şəklində yerləşir)
- Dentogingival liflər (diş kökü sementindən diş ətinin oral və vestibulyar nahiyələrinə birləşir)
- Dentoperiostal liflər (diş kökü sementindən birləşmiş diş ətinə istiqamətlənir)
- Transseptal liflər (qonşu dişlərin supraalveolyar sementinə birləşir)Transseptal liflər (ulduzla göstərilmişdir), C-sement, AB-Alveol sümüyü
Diş əti lifləri.
Birləşdirici matriks (ingiliscə: extracellular matrix) birləşdirici toxuma arasında yerləşən substansiyadır. Birləşdirici toxumanın funksiyalarını yerinə yetirməsində vacib rol oynayır. Burada suyun, elektrolitlərin nəql olunması, qidalanma və metabolizm gedir. Normada matriksin əsasını proteoqlikanlar və qlikoproteinlər təşkil edir. Proteoqlikanların tərkibində qlikozaminlər (heparin sulfat, hialuron sulfat) vardır-bunlar kovalent bağlarla bir və ya bir neçə protein zəncirinə birləşir. Qlikoproteinlər isə polisaxaridlərdən (fibronectin,osteonectin və s.) ibarətdir. Bunlar da kovalent rabitələrlə protein zəncirlərinə bağlanır.
Tibbi mahiyyəti
Diş ətinin vəziyyəti orqanizmdəki bir çox xəstəliklərin göstəricisidir. Bəzi xəstəliklərin hətta ilkin simptomları diş ətində üzə çıxır. Məsələn, QİÇS xəstələrinin əksəriyyətində xəstəliyin əvvəlində, ağız boşluğunda nekrotik gingivostomatit(diş ətinin nekrotik iltihabi xəstəliyi) yaranır. Həmçinin, leykoz, anemiya və s. kimi qan-damar xəstəliklərində diş ətində qansızmalar,spontan qanamalar, xora və aftalar yaranır. Bundan başqa allergik, infeksion xəstəliklərdə, vitamin çatışmazlıqlarında, ağır metallarla zəhərlənmələrdə, kanserogen və prekanseroz proseslərdə, göbələk xəstəliklərində, ürək xəstəliklərində, mədə- bağırsaq problemlərində,genetik çatışmazlıqlarda, şəkərli diabetdə, dermatozlarda, sinir sistemi xəstəliklərində diş ətinin vəziyyəti diaqnostikada, müalicədə, müalicənin səmərəliliyinin müəyyən olunmasında mühüm önəm daşıyır.
Maraqlıdır ki, diş ətində iltihabi xəstəliklər olan pasiyentlərdə ürək-damar xəstəliklərinə tutulma riski daha yüksəkdir.
- Məmmədova S.Ə. Terapevtik stomatologiya.Parodont və oral mukoza xəstəlikləri. DİM, Bakı. 2018,304 s.
- Lindhe’s clinical periodontology and implant dentistry / edited by Tord Berglundh, William V. Giannobile, Niklaus P. Lang, Mariano Sanz. Seventh edition,2022. 1281 p.
- https://www.researchgate.net/figure/Marginal-free-gingiva-attached-gingiva-and-alveolar-mucosa_fig4_237819432
- https://periobasics.com/art-of-history-taking-in-periodontics/#google_vignette
- Ainamo, J. & Talari, A. (1976). The increase with age of the width of attached gingiva. Journal of Periodontal Research 11,182–188.
- https://www.perio.az/
- https://www.efp.org/
9 baxış, 1 bəyənmə 14-10-2025