Daş dövrü adamı okklüziyası
Müasir okklüzion problemlərin əsas səbəbinin həyat tərzi ilə bağlı dəyişikliklərlə əlaqəli olduğunu irəli sürən nəzəriyyə
Tarix
"Daş dövrü okklüziyası” (ing. Stone age man occlusion) nəzəriyyəsi Avstraliyalı ortodont Percy Raymond Begg tərəfindən elmə gətirilmişdir. Begg orta məktəb dövründə Avstraliyanın cənubunu gəzmiş, Adelaide şəhərində Avstraliya aborigenlərinin kəllə quruluşunun sərgiləndiyi muzeydə, onların dişlərinin fərqlilikləri nəzərinə çarpmış, universitet zamanlarında bu sahədə araşdırmalar etmişdir.
Tərif
Antropoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, daş dövrü insanları ilə müasir insanların okklüziyaları arasında müəyyən fərqlər vardır. Begg-ə görə, bu fərqləri yaradan əsas cəhət qida rasionunun və həyat tərzinin dəyişməsidir.
Nəzəriyyənin əsası
Avstraliya aborigenlərinin 50 min ildən çox tarixi məlumdur. Avstraliya materiki ada olduğu üçün, “Böyük coğrafi kəşflər dövrü”-nə qədər aborigenlərə kənar müdaxilələr olmamış və onların normal təkamülü davam etmişdir. Begg-ə görə müasir insanın qidalanması və yaşayış şəraiti çox sürətli dəyişmiş və dişlərin normal təkamül sürətini keçmişdir. Daş dövrü okklüziyasındakı əsas fərq dişlərdəki aşınmadır. Bu aşınma xüsusən dişlərin çeynəmə (okklüzion) və aproksimal səthlərində görünür. Əng və çənədəki dişlər arasında, həmçinin eyni çənədə yerləşən qonşu dişlər arasında boşluq yaranmaması üçün həyatboyu dişlər ön istiqamətdə hərəkət edir (mesial drift). R.Begg göstərmişdir ki, daş dövrü adamının dişlərindəki aşınmanın səbəbi diş minasının yumşaq olması yox, onların qidalarının sərtliyidir.
Okklüzial səthdə aşınma 4 mərhələdə gedir
- Okklüzial səthdəki qabarlar aşınır;
- Aşınma davam etdikcə dentin üzə çıxır;
- Aşınma tac boynuna qədər davam edir;
- Tac xaricə doğru hərəkət edir (ekstruziya) və köklər üzə çıxır.
Gənc yaşlı Avstraliya aborigeninin kəllə sümüyü (Begg-in öz məqaləsindən)
Aproksimal səthlərdəki aşınma nəticəsində çənə qövsündə (mandibular arch) təxminən 14 mm yer (bu məsafə iki kiçik azı (premolar) dişin mezio-distal genişliyi qədərdir) açılır və nəticədə ağıl dişləri retension vəziyyətdə qalmır. Begg buna istinadən müasir insanlarda aproksimal aşınmanın olmaması ilə dişləmdə patologiyaların olmasını qaçınılmaz hesab edir.
Araşdırmalar göstərir ki, daş dövrü adamlarının dişlərində kariyesə rast gəlinməmişdir. Çünki, kariyes əsasən dişlərin okklüzial və proksimal səthlərində, bakteriyaların toplana biləcəyi şırımlarda əmələ gəlir. Aşınmalar isə bu şırımlara “təbii preparasiya” edir. Avstraliya aborigenlərində periodontal xəstəliklərə, ortodontik problemlərə də rast gəlinməmişdir. Bu cəhətlərinə görə daş dövrü adamı okklüziyası, əslində ən sağlam və insanlarda olmalı olan okklüziya növüdür.
Hazırda qəbul olunduğu kimi pulpanın iltihabının (pulpit) əsas yaranma səbəbi dişdəki karioz boşluqlardır. Müalicə olunmayan kariyesin mina və dentindən pulpaya keçməsi pulpit yaradır. Bu da öz növbəsində pulpa ağrılarına gətirib çıxarır. Daş dövrü adamlarında isə aşınma səbəbindən kariyesin yaranmaması (yaransa da inkişaf edə bilməməsi) nəticəsində pulpitlərə rast gəlinmirdi. Ancaq nadirən də olsa pulpit yarana bilirdi. Belə halda qida qəbulu zamanı çeynəmə ağız boşluğunun əks tərəfində aparılırdı. Yenə də, pulpit Avstraliya aborigenləri üçün böyük əhəmiyyət daşımırdı. Baxmayaraq ki, həmin dövrdə pulpit ölümcül xarakter daşıyırdı.
Əks fikirlər
Begg-in nəzəriyyəsində genetik fərqliliklərə diqqət yetirilmir, ancaq müasir tədqiqatlar göstərir ki, malokklüziyaların yaranmasında genetik faktorların önəmi böyükdür. Həmçinin Begg-in araşdırmaları coğrafi olaraq çox kiçik ərazini əhatə edir. O, bu araşdırmaları yalnız Avstraliya aborigenləri üzərində aparmışdır. Qədim Misirlilərlə bağlı aparılan antropoloji tədqiqatlarda məlum olmuşdur ki, Nil çayı sahillərində yaşayan insanlarda minillərlə qida rasionu dəyişmiş, ancaq populyasiyadakı malokklüziya nisbətində ciddi dəyişiklik görülməmişdir.
Kliniki əhəmiyyəti
Begg-in daş dövrü adamı dişləmi nəzəriyyəsi müasir insanların dişləm problemlərinin başa düşülməsinə və buna uyğun ortodontik müalicələrin aparılmasına böyük töhfələr verdi. Həmçinin Begg, bu nəzəriyyəsinə əsasən premolyar dişlərin çəkilməsi ilə diş sırasında boşluq yaratmaqla aparılan “Begg technique”-i yaratdı.
- https://www.britannica.com/topic/Australian-Aboriginal
- https://www.britannica.com/place/Australia/History
- Nejat Erverdi. Çağdaş Ortodonti. 2017
- P.R. Begg. Stone Age man's dentition: With reference to anatomically correct occlusion, the etiology of malocclusion, and a technique for its treatment.American Journal of Orthodontics. Vol. 40 Issue 4;5;6;7. (1954)
- Jerome C Rose, Richard D Roblee. Origins of dental crowding and malocclusions: an anthropological perspective.Jun 2009
- Eugene L. Gottlieb. Let’s not fixate on Begg’s attritional Occlusion theory. Journal of Clinical Orthodontics. April 1974 (https://www.jco-online.com/archive/1974/04/193/)
3 baxış, 0 bəyənmə 09-05-2025