Topuq-Bazu İndeksi (ABI-Index)

Ayaq biləyindən ölçülən arterial təzyiqin bazudan ölçülən arterial təzyiqə nisbəti ilə xarakterizə olunan periferik arterial xəstəliyin diaqnostik göstəricisi

Tərif

Topuq-Bazu indeksi (ABI, ing. Ankle-Brachial Index) ayaq biləyindəki arterial sistolik qan təzyiqinin bazudakı arterial sistolik qan təzyiqinə nisbətini göstərən qeyri-invaziv diaqnostik göstəricidir. ABI əsasən periferik arterial xəstəliklərin (PAX) diaqnozu, dərəcə qiymətləndirilməsi və gedişatının izlənməsi üçün istifadə olunur. Bundan əlavə, ABI sistemik aterosklerotik dəyişiklikləri göstərir və ürək-damar riskinin proqnozu üçün göstərici kimi qəbul edilir.

Patofiziologiya
Patoloji ABI (adətən < 0,9) ətrafların perfuziyasının azalmasına işarə edir və bu göstərici adətən arteriyaların mənfəzinin daralmasına səbəb olan aterosklerotik piləklərin varlığı ilə əlaqələndirilir. Bu vəziyyət əsasən çanaq, bud və ya baldır arteriyalarında müşahidə olunur. Eyni zamanda, vaskulitlər (məsələn, Takayasu arteriti) və periferik damarların trombozu da arteriya mənfəzinin daralmasına səbəb ola bilər və bu da ABI-nin aşağı dəyəri ilə nəticələnir.

Bundan fərqli olaraq, yüksək ABI (> 1,4) adətən medial sklerozun göstəricisidir. Bu vəziyyət, xüsusilə diabet xəstələrində və xroniki böyrək çatışmazlığı olan şəxslərdə rast gəlinir və arteriya divarlarının sərtləşməsi ilə əlaqəlidir.

Prosedur
ABI ölçülməsi aşağıdakı kimi aparılır:

1. Hazırlıq: Xəstə rahat şəraitdə, otaq temperaturunda (19–22 °C), ən azı 5–10 dəqiqə uzanır. Nikotin, kofein və fiziki fəaliyyət müayinədən ən azı 2 saat əvvəl dayandırılmalıdır.

2. Manjetlərin yerləşdirilməsi: Qan təzyiqi manjetləri hər iki qola və ayaq biləklərinə, biləklərdən bir qədər yuxarı yerləşdirilir. Manjetlərin eni ətrafın çevrəsinə uyğun seçilməlidir.

3. Arteria brachialis (referans təzyiqi) ölçümü:

  • Bazu nahiyəsində arteria brachialis Doppler ultrasəs cihazı ilə aşkarlanır.
  • Doppler siqnalının yox olduğu nöqtəyə qədər manjet şişirdilir və yavaş-yavaş boşaldılır. Siqnalın yenidən eşidildiyi təzyiq sistolik qan təzyiqi kimi qeyd olunur.

4.Aşağı ətraf arteriyalarının ölçümü:

  • Hər iki ayaqda arteria tibialis posterior (arxa baldır arteriyası) və arteria dorsalis pedis (ayaqüstü arteriya, böyük barmaq ekstensorunun yan tərəfində) nahiyəsində təzyiq ölçülür.
  • Arteria tibialis anterior üçün təzyiq dolayısı ilə arteria dorsalis pedis vasitəsilə müəyyən edilir, çünki o, ayaqüstü hissəyə qədər uzanır.

5. ABI-nin hesablanması:

  • Hər ayaq üçün ABI ayrıca hesablanır: topuq arteriyalarının (arteria tibialis posteriorarteria dorsalis pedis) ən yüksək sistolik təzyiqinin, bazu arteriyalarının (sağ və ya sol arteria brachialis) ən yüksək sistolik təzyiqinə nisbəti tapılır. ABI = Topuqdakı ən yüksək sitolik təzyiq / Çiyindəki ən yüksək sistolik təzyiq.

Qiymətləndirmə
ABI nəticələrinin interpretasiyası:

ABI DəyəriTəfsir
1,0-1,4Normal
0,91-0,99Sərhəd
0,80-0,90Yüngül PAX
0,5-0,79Orta dərəcəli PAX
< 0,5Ağır PAX (kritik işemiya)
>1,4Medial skleroz şübhəsi

Yüksək ABI (> 1,4) vəziyyətində, əlavə görüntüləmə tələb olunur, çünki sərtləşmiş damarlar ölçüm nəticələrini təhrif edə bilər. Xüsusilə şəkərli diabet xəstələrində aldadıcı nəticələr diaqnostik səhvlərə gətirib çıxara bilər.


Klinik əhəmiyyəti

ABI ölçümü iqtisadi cəhətdən əlçatan və etibarlı üsuldur. Periferik qan dövranı pozğunluqlarının erkən diaqnostikasında mühüm əhəmiyyət kəsb edir. Xüsusilə siqaret çəkənlər, diabet xəstələri və ya ürək-damar xəstəlikləri əlamətləri olan şəxslər üçün vacibdir. Patoloji ABI (< 0,9) yüksək kardiovaskulyar risklə əlaqəlidir, yüksək ABI (> 1,4) isə medial skleroz ehtimalını göstərir və əlavə diaqnostik testlər tələb edir.


  1. American Heart Association (AHA). Measurement and Interpretation of the Ankle-Brachial Index: A Scientific Statement from the American Heart Association. Circulation. 2012;126:2890–2909. DOI: 10.1161/CIR.0b013e318276fbcb.
  2. Norgren, L., Hiatt, W.R., Dormandy, J.A., et al. Inter-Society Consensus for the Management of Peripheral Arterial Disease (TASC II). Journal of Vascular Surgery. 2007;45(Suppl S):S5-S67. DOI: 10.1016/j.jvs.2006.12.037.
  3. Rutherford, R.B. Vascular Surgery. 7th Edition. Saunders Elsevier, 2010. ISBN: 978-1416052234.
  4. Collins, R., & MacMahon, S. Blood Pressure, Arterial Disease, and Risk of Peripheral Artery Disease. Textbook of Vascular Medicine. 2nd Edition. Springer, 2012. ISBN: 978-3642161993.
  5. Criqui, M.H., & Langer, R.D. The Ankle-Brachial Index and Peripheral Arterial Disease. Annals of Internal Medicine. 2001;134(6): 421–431. DOI: 10.7326/0003-4819-134-6-200103200-00015.
  6. Mohler, E.R. Peripheral Arterial Disease: Identification and Implications. Archives of Internal Medicine. 2003;163(19):2306–2314. DOI: 10.1001/archinte.163.19.2306.
  7. Hirsch, A.T., Criqui, M.H., Treat-Jacobson, D., et al. Peripheral Arterial Disease Detection, Awareness, and Treatment in Primary Care. JAMA. 2001;286(11):1317–1324. DOI: 10.1001/jama.286.11.1317.
  8. Selvin, E., & Erlinger, T.P. Prevalence of and Risk Factors for Peripheral Arterial Disease in the United States. Circulation. 2004;110(6):738–743. DOI: 10.1161/01.CIR.0000137913.26087.F0.
  9. Şəkil: https://herzpraxis-be.de/abi-messungen/

9 baxış, 2 bəyənmə 03-12-2024

Dr. Hüseyn Kamalzadə

5-ci kurs
Tələbə

100 baxış, 7 bəyənmə
Qoşulma tarixi: 16-06-2024

Dr. Hüseyn Kamalzadə