Artroz

Degenerativ oynaq xəstəliyi

Tərif

Artroz – degenerativ oynaq xəstəliyidir və artritdən fərqli olaraq ilkin mərhələdə iltihabi proseslə xarakterizə olunmur. O, əsasən uzunmüddətli yüklənmə nəticəsində inkişaf edir və qığırdaq və sümük quruluşunda proqressiv dəyişikliklərlə xarakterizə olunur ki, bu da sonda oynaq deformasiyasına səbəb ola bilər.


Etimologiya

Yunanca ἄρθρον ("arthron") oynaq, "-ωσις, -ōsis" sonluğu isə “gediş, proses” deməkdir, və patoloji vəziyyət mənasını daşıyır.

Başqa dillərdə: osteoarthritis (EN), osteoartrit və osteoartroz (TT), артроз və остеоартроз (RU), die Arthrose (DE)

Qeyd etmək lazımdır ki, ingilisdilli ədəbiyyatda "artroz", "osteoarthritis" kimi tanınır deyə, müəyyən çaşqınlıq yarada bilər.


Təsnifat

  • Zədələnmə formasına görə
    • Monoartroz: tək oynaqda
    • Poliartroz: çoxsaylı oynaqlarda
  • Səbəbinə görə
    • Birincili (idiopatik) artroz: genetik meyillilik, xüsusilə orta yaşlı qadınlarda
  • İkincili artroz:
    • Oynaq qığırdağının yüklənməsi və dözümlülüyü arasında uyğunsuzluq (piylənmə, həddindən artıq yüklənmə və s.)
    • Anadangəlmə deformasiyalar və oynaq displaziyaları (məsələn, bud-çanaq displaziyası)
    • Travma nəticəsində yaranan oynaq deformasiyaları və yüklənmə pozğunluqları (gənc pasiyentlərdə əsas səbəb)
    • Metabolik səbəblər: qan dövranı çatışmazlığı, şəkərli diabet, alkoholizm, iltihabi xəstəliklər və s.
    • Medikamentoz səbəblər: məsələn, DNT-giraza inhibitorları
    • Endokrin səbəblər: hiperparatireoz
    • Digər xəstəliklər fonunda: CPPD, podaqra, revmatoid artrit, spondiloartrit, hemoxromatoz, hemofiliya, oxronoz, Wilson xəstəliyi
  • Oynağa görə xüsusi ad verilir:
    • Diz - Qonartroz
    • Bud-çanaq - Koksartroz
    • Əl oynaqları:
      • Distal interfalangeal - Heberden arthrozu
      • Proksimal interfalangeal - Bouchard arthrozu
      • Yəhər oynağı - Rizartroz


Patofiziologiya

Qığırdaq təbəqəsinin tədricən incəlməsi ilə qığırdaq toxumasında xoralanmalar (ulserasiyalar) əmələ gəlir ki, bu da birləşdirici toxumanın reaktiv proliferasiyasına gətirib çıxarır. Hialin qığırdaq davamlı olaraq qranulyasiya toxuması və keyfiyyətsiz lifli qığırdaqla əvəz olunur. Qığırdaq maddəsinin parçalanması nəticəsində subxondral sümükdə təzyiq artır və bu da mikrosınıqlara səbəb ola bilər. Nekrotik qığırdaq və sümük toxumasından psevdokistalar formalaşır. Subxondral sümük üzərində artmış təzyiqi kompensasiya etmək üçün oynaq kənarlarında osteofitlər əmələ gəlir. Əvəzləyici toxumaların yüklənməyə dözümsüzlüyü oynaqlarda xroniki iltihabi prosesi saxlayır və bu, periartikulyar strukturları da əhatə edir. İltihab sinovit və təkrarlayan oynaq effuziyaları ilə özünü göstərir, bu isə oynaq kapsulunun gərilməsinə və nəticə etibarilə oynağın qeyri-sabitliyinə gətirib çıxarır.


Klinika

Klinik olaraq artroz ağrı (başlanğıc ağrısı, yüklənmə ağrısı, istirahət və gecə ağrısı) və oynaq funksiyasının məhdudlaşması (hərəkət məhdudluğu) ilə özünü göstərir. Əlavə olaraq, şişkinliklər və hava şəraitindən asılı şikayət dəyişkənlikləri müşahidə oluna bilər.

Ümumi olaraq klinik cəhətdən üç mərhələ ayırd edilir:

  1. “Səssiz” artroz
  2. “İltihablı” aktivləşmiş artroz
  3. Dekompensasiya olunmuş artroz

Erkən simptomlar:

  • İstirahət dövründən sonra oynaqlarda başlanğıc ağrısı
  • Güclü və ya uzunmüddətli yüklənmədən sonra ağrı (yüklənmə ağrısı)

İrəliləmiş mərhələdəki simptomlar:

  • Yüklənmədən asılı olmayan hərəkət ağrısı
  • İstirahət ağrısı
  • Krepitasiya (oynaq hərəkətində sürtünmə və ya xırçıldama səsi)
  • Patoloji hərəkətlilik və ya əksinə, hərəkət məhdudiyyəti 

Təsnifat

Artrozların təsnifatında Kellgren Lawrence-ə görə radioloji meyara əsasən 4 mərhələ ayırd edilir:


MərhələXüsusiyyət
1
  • Oynaq yarığının daralmasına şübhə
  • Bəzən cüzi osteofitlər (ingiliscə "ostephytic lipping")
2
  • Aşkar oynaq yarığı daralması
  • Aşkar osteofitlər
3
  • Çox sayda osteofitlər
  • Aşkar oynaq yarığı daralması
  • Subxondral skleroz
  • Oynaq səthlərinin deformasiyası başlamış ola bilər
4
  • Böyük osteofitlər
  • Oynaq yarığının şiddətli daralması
  • İrəliləmiş subxondral skleroz
  • Oynaq səthlərinin aşkar deformasiyası


Qonartrozun 4 mərhələsi


Diaqnoz

Artrozun diaqnostikasında anamnez və kliniki müayinəyə əlavə olaraq bunlardan istifadə olunur:

  • Rentgenoqrafiya: 2 proyeksiyada. Bu müayinə artrozun mərhələsini müəyyən etmək üçün əksər halda kifayət edir.
  • Əlavə olaraq kompüter tomoqrafiyası (KT) MRT-dən istifadə oluna bilər. Sonuncu oynaq ətrafındakı yumşaq toxumanın vəziyyətini qiymətləndirmək üçün yararlıdır. 

Müalicə

Konservativ müalicə

  • Çəkinin azaldılması
  • Dərman müalicəsi
    • QSİƏD (qeyri-steroid iltihabəleyhinə dərmanlar)
    • Xondroitin
    • Qlükozamin
    • Hialuron turşusu
    • Lokal qlükokortikoidlər
  • Fizioterapiya
    • Erqoterapiya
    • Elektroterapiya
    • İstilik müalicələri
    • Massajlar
    • Balneoterapiya

Bundan əlavə, sübut olunmuş təsirə malik olmayan çoxsaylı alternativ müalicə üsulları da mövcuddur.

Cərrahi müalicə

  • Qığırdaq transplantasiyası.
  • Endoprotez: Ağır artroz halları, xəstədə güclü ağrı və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə azaldığında tövsiyyə oluna bilər.
  • Artrodez: Ağır hallarda oynaq tamamilə sərtləşdirilə bilər. Bu halda oynaqda hərəkətlilik tamamilə aradan qaldırılır. Bunun mənfi cəhət olmasına baxmayaraq, ağrını effektiv aradan qaldırıldığına görə geniş istifadə olunur.



10 baxış, 0 bəyənmə 14-09-2025

Dr. med. Toğrul Məmmədli

Plastik cərrahiyyə
Həkim-mütəxəssis

406 baxış, 12 bəyənmə
Qoşulma tarixi: 12-06-2024

000

St. Josefs-Krankenhaus Hagen

Dr. med. Toğrul Məmmədli