Botulizm
Clostridium botulinum bakteriyasının ifraz etdiyi toksinlərin yaratdığı xəstəlik
Etimologiya
Latınca "kolbasa" mənasını daşıyan botulus sözündən gəlir. 1793-cı ildə Württemberg-də çoxsaylı ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş vermişdi. Julius Kerner bunun səbəbini "kolbasa zəhəri" (DE: Wurstgift) kimi tanıdı, simptomlar isə "Kerner xəstəliyi" kimi tanındı. "Botulizm" adı isə 1870-ci ildə Johannes Müller tərəfindən istifadəyə verildi.
Başqa dillərdə: botulism (EN), botulizm (TR), ботулизм (RU), der Botulismus (DE)
Epidemiologiya
Botulizm toksikoinfeksiyalara aiddir. Ona kiçik epidemiya şəklində və ya sporadik rast gəlinir. Bu xəstəliyin əsas mənbəyi səhv bağlanmış konserv və ət məhsullarının istehlakıdır. Havasız şəraitdə (anaerob) və qidanın mövcudluğunda Clostridium botulinum yaxşı inkişaf edir və yüksək miqdarda toksin ifraz edir. Azərbaycanda botulizm barəsində məlumat verilməli olan infeksiyara aiddir. Səhiyyə Nazirliyi tərəfindən digər 10 xəstəliklə yanaşı xüsusilə təhlükəli infeksiya olaraq təsnifləndirilmişdir. Profilaktik və terapevtik tədbirlərə baxmayaraq, hər il Azərbaycanda onlarla zəhərlənmə halı qeydə alınır.
Clostridium botulinum bakteriyasının elektron mikroskop altında görünüşü. Mənbə: eye of science/Agentur Focus
Patogenez və Təsnifat
Botulizmin patogenezi onun növündən asılıdır:
- Toksin orqanizmə kənardan daxil olur:
- Qida botulizmi: tərkibində botulinum toksini olan qidaların qəbulu nəticəsində yaranır. Ən geniş yayılmış növdür.
- İnhalasiya botulizmi: çox nadirdir və təsadüfi (laboratoriya və botoks istehsalatında qəza) və ya bioterrorizm nəticəsində baş verə bilər.
- Toksin orqanizmdə yaranır:
- Yara botulizmi: C. botulinum-un kontaminasiyalı yarada çoxalması nəticəsində baş verir.
- Körpə botulizmi: C. botulinum mədə-bağırsaq sistemində çoxalır. Uşaqlar həyatın ilk ilində botulizmə həssas olurlar və halların 90%-dən çoxu altı aydan kiçik körpələrdə baş verir. Körpə botulizmi C. botulinum sporlarının qəbulu və nazik bağırsağın kolonizasiyası nəticəsində yaranır. Körpələrin bağırsaq mikroflorasının yetərli səviyyədə olmaması və öd turşularının (normada clostridium artımının qarşısını alır) az olması C. botulinum-un çoxalmasını asanlaşdırır.
Toksikologiya
Botulinum toksini çox zəhərli neyrotoksindir. 7 alt növü müəyyən edilmişdir. Toksin sinir uclarına endositoz yolu ilə daxil olur və müxtəlif proteinlərin parçalanmasına səbəb olur. Bunların nəticəsində asetilxolin ehtiva edən sinaptik vezikullar membranla birləşə bilmir və neyrotransmitter sinaptik boşluğa çatmır. Botulinum toksin A-nın 70 kq çəkisi olan bir insan üçün letal dozası aşağıdakı kimidir:
- Parenteral: 90-150 ng
- İnhalasiya: 700 ng
- Oral: 70 µg
Klinika
Botulinum toksini ilə intoksikasiya adətən qeyri-spesifik olaraq ürəkbulanma, qusma, diareya və başgicəllənmə ilə başlayır. 12-36 saatlıq bir latentlikdən sonra bu erkən simptomlar spesifik simptomlarla əvəz olunur:
- Əzələ sistemi:
- Parez (skelet əzələlərinin zəifliyi)
- Disfagiya (udma çətinliyi)
- Dizartriya (danışıq pozuntusu)
- Ptoz (göz qapağının sallanması)
- Reflekslərin zəifləməsi
- Avtonom sinir sistemi:
- Bradikardiya (ürək döyüntülərinin yavaşıması)
- Hipotoniya (qan təzyiqinin düşməsi)
- Sidik retensiyası
- Qəbizlik
- Midriaz (göz bəbəklərinin genişlənməsi)
- Akkomodasiya pozulması
- Hipohidroz (tərləmənin azalması)
Nevroloji simptomlar adətən göz əzələlərinin iflici ilə başlayır (ikili görmə, akkomodasiya pozulması). Sonradan kranial sinirlərin iflici və yayılması nəticəsində digər simptomlar meydana gəlir. Tənəffüs iflici həyat üçün təhlükə yaradır. Botulinum toksini ilə intoksikasiya zamanı meydana gələn simptom kompleksini yadda saxlamaq üçün "4D" adlanan yaddaş köməyi istifadə olunur:
- Dizartriya
- Diplopiya
- Disfagiya
- Dispnoe
Diaqnostika
Diaqnoz xarakterik anamnez və klinika nəticəsində qoyulur. Toksinlər qan, nəcis, qusma, yara yaxması və ya saxlanılan qidalarda aşkar edilə bilər. Bunun üçün Bioassay-lar, kütlə spektrometriyası və immunoloji (ELISA) testlər istifadə olunur. Patogenin aşkarlanması molekular-genetik üsullarla, məsələn, kvantitativ multipleks-PCR ilə aparılır. Patogen sərt anaerob şəraitdə də (məsələn, qan aqarı üzərində) əkilə bilər. Lakin bu, ikinci dərəcəli rol oynayır, çünki əkim çox vaxt aparır və yalnız körpə və yara botulizmi zamanı tətbiq oluna bilər. Qida mənşəli botulizm zamanı toksin yalnız qida ilə qəbul edildiyi üçün əkim məqsədəuyğun deyil.
Müalicə
- Simptomatik müalicə: Ən vacib tədbir iflic simptomlarının simptomatik müalicəsidir. Buna intensiv tibbi nəzarət və həyati funksiyaların dəstəklənməsi (ürək ritm cihazı, sidik ifrazı və s.) və mexaniki ventilyasiya daxildir.
- Xolinesteraza inhibitorları: Bunların tətbiqi faydalı ola bilər, ancaq göstərişinə yan təsirləri səbəbindən tənqidi yanaşılmalıdır.
- Antitoksin: Botulotoksini neytrallaşdırmaq üçün istifadə olunur. Antitoksinin verilməsi toksinin bədən hüceyrələrinə daha da daxil olmasının qarşısını ala bilir, ancaq neyronlara daxil olmuş botulinum toksini neytrallaşdırmır. Yalnız toksinli qidanın qəbulundan ilk 48 saat ərzində və sürətlə inkişaf edən nevroloji simptomatika ilə müşaiət olan hallarda verilir. Xüsusilə davam edən toksin çoxalması olan hallarda antitoksinlə müalicəyə göstəriş var. Tətbiqdən əvvəl intradermal allergiya testi tələb olunur. Tətbiq yaşa bağlı dozada fizioloji NaCl məhlulu ilə 1:10 durultmada yavaş intravenoz infuziya şəklində aparılır.
- Antibiotiklər: Yara və körpə botulizmi şübhəsi varsa, bakteriyaların aradan qaldırılması və toksin ifrazının dayandırılması üçün yüksək dozada təsirli antibiotik (məsələn, Penisillin G, Metronidazol) təyin olunmalıdır. Eyni zamanda antitoksin də verilməlidir.
Profilaktika
- Qida botulizmi. Evdə qidaları konservləşdirəndə və ya saxlayanda düzgün texnikalardan istifadə etmək C. botulinum məhv edilməsini təmin edir:
- Yeməkləri, növünə görə 121°C temperaturda 20-100 dəqiqə müddətində bişirmək.
- Qidanı yeməkdən əvvəl 10 dəqiqə ərzində qaynatmaq.
- Konteyneri şişmiş və ya üfunətli konserv qidalarını yeməmək. Lakin dadın və qoxunun normal olması C. botulinumun mövcudluğunu heç də həmişə istisna etmir. Konserv qabını açmazdan əvvəl qapağının bombajını yoxlamaq lazımdır.
- Kartofları folqaya bükərək bişirildiyində, onları isti yemək. Kartofları bundan sonra soyuducuda saxlamaq.
- Konservləri açdıqdan sonra soyuducuda saxlamaq.
- Yara botulizmi:
- Yaraları infeksiyadan qorumaq.
- İnfeksiyaya şübhə olduğunda, həkimə müraciət etmək.
- Körpə botulizmi:
- 1 yaşına qədər olan körpələrə bal verməmək, ən az miqdarda belə.
1. Ümumdünya Səhiyyə Təşkilatı - https://www.who.int/news-room/fact-sheets/detail/botulism
2. ONE HEALTH (Vahid Sağlamlıq) Azərbaycan - https://www.ecohealthalliance.org/wp-content/uploads/2023/11/OneHealth-Vahid-Saglamliq-Az%C9%99rbaycan-Report_FINAL_azerbaijani.pdf
3. Mayo Clinic: https://www.mayoclinic.org/diseases-conditions/botulism/symptoms-causes/syc-20370262
4. Almaniyanın S1 botulizm protokolu (S1 Leitlinie Botulismus) https://register.awmf.org/de/leitlinien/detail/030-109
5. Shiffman, M., Mirrafati, S. (2008). Botulinum Toxin: Products, Techniques, Complications. In: Shiffman, M., Mirrafati, S., Lam, S., Cueteaux, C. (eds) Simplified Facial Rejuvenation. Springer, Berlin, Heidelberg. https://doi.org/10.1007/978-3-540-71097-4_24
15 baxış, 1 bəyənmə 12-07-2024