Qlasqo-Koma şkalası
Şüur pozğunluğunun dərəcəsini təsvir etmək üçün obyektiv üsul
Tarix
1974-cü ildə ilk dəfə Qlasqo Universitetində neyrocərrahiyyə professorları Graham Teasdale və Bryan Jennett tərəfindən təqdim olunan Qlasqo-Koma Şkalası, kəskin tibbi vəziyyətlər və ya travma keçirmiş xəstələrdə şüur pozğunluğunun dərəcəsini təsvir etmək üçün obyektiv bir üsul təqdim edir.
Ümumi Məlumat
Qlasqo-Koma şkalası (QKŞ) – insanın şüur səviyyəsini “qiymətləndirmək” və ya ölçmək üçün istifadə olunan bir sistemdir. Bu sistem pasiyentin nə dərəcədə ayıq olduğunu, nə qədər şüurlu olduğunu və sadə təlimatlara necə reaksiya verdiyini rəqəmlərlə qiymətləndirir.
Bu sistem, şüurun azalmasını - o cümlədən koma halını - ölçmək üçün ən çox istifadə olunan ölçüm hesab olunur.
Şüur (consciousness)
Tibbi baxımdan bir şəxsin şüurlu sayılması üçün üç əsas meyar mövcuddur. Bu meyarlara aşağıdakılar daxildir:
- Ayıqlıq (Awake): Şəxsin səsə və ya toxunuşa cavab verə bilməsi bacarığıdır. Bu xüsusiyyət koma vəziyyətini sadə yuxudan fərqləndirən əsas cəhətdir.
- Diqqətlilik (Alert): Şəxsin ətrafdakılara necə reaksiya verdiyi və ətraf mühitdə baş verənləri nə dərəcədə dərk etdiyi bu meyara daxildir.
- Oriyentasiya qabiliyyəti (Oriented): Şəxsin öz kimliyini, harada olduğunu, günün tarixini və cari vəziyyətlə bağlı digər mühüm detalları bilməsi bu kateqoriyaya aiddir.
İstifadə Göstərişləri
Qlasqo-Koma şkalası həkimlər tərəfindən neyroloji müayinənin bir hissəsi kimi tətbiq oluna bilər. Eyni zamanda, insanın şüur səviyyəsində azalma ola biləcək istənilən vəziyyətdə faydalıdır. Bu, beyin silkələnməsi (sarsıntı) və ya travmatik beyin zədəsi kimi xəsarətlərlə əlaqəli halları da əhatə edir.
Bu şkala, həmçinin xəsarətlərlə bağlı olmayan vəziyyətlərdə də tətbiq edilə bilər. Məsələn:
- Aşağı qan şəkəri (hipoqlikemiya) və ya hiperqlikemiya,
- Metabolik ensefalopatiya,
- Zəhərlənmələr (dərman, alkoqol),
- Neyroinfeksiyalar,
- Epileptik tutma və ya qıcolmadan sonra.
Meyarlar
Neyroloji müayinə sinir sisteminin əsas iki hissəsinin funksiyalarında hər hansı bir problemi aşkar etməyə yönəlib. Bu hissələr aşağıdakılardır:
- Mərkəzi sinir sistemi: Beyin, beyin kötüyü, görmə sinirləri (gözün arxasındakı torlu qişa ilə beyin arasındakı əlaqə) və onurğa beyni.
- Periferik sinir sistemi: Mərkəzi sinir sistemindən kənarda yerləşən bütün sinirlər.
Qlasqo-Koma şkalası, bu müayinənin aparılması zamanı tətbiq olunan üç əsas kateqoriyadan ibarətdir. Bunların əksəriyyəti birbaşa beyinlə bağlıdır, lakin bəziləri onurğa beyni və bədənin digər hissələrindəki sinirlərlə də əlaqəli ola bilər:
Göz reaksiyası: Şəxsin nə qədər ayıq və diqqətli olduğunu göstərir.
Hərəkət reaksiyası: Beynin əzələlərin hərəkətini nə dərəcədə idarə edə bildiyini qiymətləndirir. Bu, həmçinin beyinlə bədənin qalan hissəsi arasındakı əlaqələrdə problemin olub-olmadığını da göstərə bilər.
Şifahi (verbal) reaksiya: Beynin müəyyən funksiyalarının – düşünmə, yaddaş, diqqət və ətraf mühiti dərk etmə qabiliyyətinin – nə dərəcədə işlədiyini yoxlayır.
İşləmə mexanizmi
Qlasqo-Koma şkalası nəticəsi əldə etmək üçün üç əsas kateqoriya üzrə alınan ballar toplanır. Hər bir kateqoriya fərqli üsullarla yoxlanılır. Məsələn, verbal (şifahi) reaksiya testində şəxsdən "Bu gün hansı gündür?", "İndi hansı şəhərdəsiniz?" kimi suallar verilərək onun şüur vəziyyəti qiymətləndirilir.
QKŞ-nın ən faydalı tərəflərindən biri də şüur səviyyəsində baş verən dəyişiklikləri müəyyən aralıqlarla izləmək və sənədləşdirmək imkanı yaratmasıdır. Tibb işçiləri bu testi mütəmadi olaraq təkrarlayaraq pasiyentin vəziyyətindəki dəyişiklikləri izləyirlər.
QKŞ-da istifadə olunan qiymətləndirmə meyarları
1. Göz reaksiyası
Bu, şəxsin nə qədər ayıq olduğunu göstərir. Əgər şəxs şüursuzdursa, onda reflektor cavablar yoxlanılır. Burada “təzyiq” deyərkən, bədənə tətbiq olunan yüngül ağrı hissi nəzərdə tutulur – məsələn, sancma və ya dartma – lakin zədə yetirmədən.
2. Verbal (şifahi) reaksiya
Şəxsin yaddaşı, düşünmə qabiliyyəti və ətraf mühiti dərk etmə səviyyəsi bu testlə yoxlanılır. Eyni zamanda, üz və ağız əzələlərinin funksionallığında problem olub-olmadığı da müəyyən edilə bilər.
3. Hərəkət (motor) reaksiyası
Bu hissə beyin, onurğa beyni və sinirlər arasındakı əlaqədə pozğunluq olub-olmadığını göstərir. Həmçinin, beynin əzələlər üzərində nəzarət gücü və təlimatlara əməl etmə qabiliyyəti test olunur.
QKŞ-P
2018-ci ildə QKŞ-nin təkmilləşdirilmiş forması olan QKŞ-P təqdim olundu. Burada “P” “pupil” – yəni bəbəklər anlamındadır. Bu əlavə göstərici standart QKŞ balından çıxılır. Bəbək reaksiyası, beynin funksiyasına dair vacib göstəricidir. Əgər bəbəklər işığa reaksiya vermirsə, bu, beynin ciddi şəkildə zədələndiyinə işarədir.
QKŞ-da ağrı tətbiqi
Əvvəllər QKŞ testində istifadə edilən bəzi təlimatlarda “ağrı” sözü işlədilirdi. Lakin yeni təlimatlarda bu söz “təzyiq” ilə əvəz olunub. Bu dəyişiklik daha uyğundur, çünki test zamanı pasiyentə zədə vurulmur – məqsəd yalnız reflektor cavabların yoxlanmasıdır.
1975-ci ildən etibarən mütəxəssislər bu təzyiqin harada tətbiq olunmalı olduğunu dəqiqləşdiriblər:
- Dırnaq yataqları: Əl və ayaq dırnaqları altına təzyiq tətbiq edilir.
- Trapezius əzələsi: Boyun və çiyin arasındakı əzələ – təzyiq üçün asan əlçatan nöqtədir.
- Supraorbital çökəklik: Qaşın altı və göz çuxurunun üstündə yerləşən sümük çökəkliyi.
- Cleveland Clinic. Glasgow Coma Scale (GCS): What It Is, Interpretation & Score. Cleveland Clinic website. Updated March 15, 2024. Accessed October 24, 2025. Available from: https://my.clevelandclinic.org/health/articles/glasgow-coma-scale
2 baxış, 0 bəyənmə 08-10-2025